Qərbi Azərbaycan İcması tərəfindən keçirilən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III Beynəlxalq Konfrans çərçivəsində III panel “Qeyri-maddi irs: qayıdışın canlı əsaslarının dirçəldilməsi” mövzusuna həsr olunub.
Panelə Polşanın AVIM Avrasiya Araşdırmaları Mərkəzinin qeyri-rezident tədqiqatçısı Yakub Koreyba moderatorluq edib.
Müzakirələrdə Bolqarıstan Elmlər Akademiyasının Balkan Araşdırmaları İnstitutunun professoru, Harvard Universitetinin uzunmüddətli dəvət olunmuş tədqiqatçısı Dr. Nadia Boyadjieva, “artXchange Global”ın direktoru və mədəni geosiyasət tədqiqatçısı Dr. Ornela Ramašauskaitė (Litva), İordaniya Haşimi Universitetinin Professoru Moh’d Wahib Ali Hussein və İsveçli rejissor Mikael Silkeberg çıxış ediblər.
Panel iştirakçıları qayıdış prosesində qeyri-maddi irsin – şifahi ənənələrin, mədəni yaddaşın, incəsənət və sənətkarlıq biliklərinin – qorunması və dirçəldilməsinin strateji əhəmiyyətini vurğulayıblar.
Dr. Nadia Boyadjieva öz çıxışında mədəni irsin qorunmasının beynəlxalq hüquq, humanitar əməkdaşlıq və regional təhlükəsizlik kontekstlərində rolunu qeyd edərək, Qərbi Azərbaycan mədəni irsinin sistemli şəkildə bərpasının həm ədalət, həm də barışıq üçün zəruri olduğunu bildirib.
Dr. Ornela Ramašauskaitė qeyri-maddi irsin “vizual yaddaş infrastrukturu” vasitəsilə nəsillərarası ötürülməsi, müasir incəsənət, kino və rəqəmsal platformaların qayıdış prosesində necə strateji rol oynadığını konkret tədqiqat nümunələri ilə izah edib. O, qayıdışla bağlı mədəni hekayələrin beynəlxalq səviyyədə tanınması üçün koordinasiyalı institutlararası yanaşmanın vacibliyini vurğulayıb.
İordaniyalı professor Moh’d Wahib Ali Hussein turizm irsi, mədəni identiklik və toplumsal yaddaşın qorunmasının regionlararası təcrübələrini bölüşərək, müxtəlif ölkələrdə müharibə və didərginlikdən sonra icmaların irsə əsaslanan yenidənqurma modellərini təqdim edib.
İsveçli rejissor Mikael Silkeberg isə sənədli kino və vizual hekayəçiliyin qeyri-maddi irsin yaşadılmasında güclü vasitə olduğunu qeyd edib. O, film sənayesinin həm məlumatlandırıcı, həm də empatiya yaradan funksiyasından danışaraq Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması baxımından bu sahənin imkanlarını vurğulayıb.
Panelin ümumi yekunu olaraq bildirilib ki, qeyri-maddi irs qayıdış prosesinin yalnız mədəni deyil, həm də sosioloji, psixoloji və geosiyasi sütunudur. İştirakçılar mədəni irsin dirçəldilməsinin çoxsahəli – akademik, sənədli, rəqəmsal, incəsənət və icma əsaslı – vasitələrlə həyata keçirilməsinin zəruriliyini qeyd ediblər.

















