Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxışında qeyd edib ki, “İrəvanda xal qalmadı” kitabı yalnız ədəbi əsər kimi deyil, eyni zamanda tarixi yaddaşın qorunmasına xidmət edən ictimai-siyasi məzmunlu nəşr kimi böyük əhəmiyyət daşıyır. O bildirib ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın taleyinin ədəbiyyat vasitəsilə gündəmdə saxlanılması gələcək nəsillərin milli kimlik şüurunun formalaşmasında mühüm rol oynayır.
Çıxış edənlər professor Astan Bayramov, professor Avtandel Ağbabalı, Ramiz İsmayılov və Elvin Əlizadə kitabın ideya məzmunundan, tarixi faktlara söykənən bədii-publisistik üslubundan və milli yaddaşın möhkəmləndirilməsində oynadığı roldan bəhs ediblər. Qeyd olunub ki, Varis Yolçuyev əsərdə bir xalqın doğma yurd yerlərindən zorla didərgin salınmasının mənəvi və tarixi ağrılarını dolğun şəkildə əks etdirib. Bildirilib ki, kitabın üç dildə elektron formatda hazırlanması onun beynəlxalq auditoriyaya çıxış imkanlarını genişləndirir, Azərbaycan həqiqətlərinin xarici platformalarda yayılmasına və obyektiv beynəlxalq ictimai rəyin formalaşmasına xidmət edir. Bu da müasir informasiya müharibəsi şəraitində mədəniyyət və ədəbiyyatın strateji rolunu bir daha nümayiş etdirir.
Tədbirdə kitabın müəllifi, yazıçı Varis Yolçuyev də çıxış edərək “İrəvanda xal qalmadı” əsərinin ərsəyə gəlmə səbəbləri, ideya qaynaqları və əsas məqsədi barədə ətraflı məlumat verib. O bildirib ki, kitab Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların taleyinə, itirilmiş yurd yerlərinə və tarixi yaddaşın bərpası zərurətinə həsr olunub. Yazıçı vurğulayıb ki, əsərin yazılmasında əsas niyyət tarixi faktları bədii-publisistik üslubda təqdim etməklə milli yaddaşı diri saxlamaq və bu həqiqətləri gələcək nəsillərə ötürməkdir. Varis Yolçuyev qeyd edib ki, “İrəvanda xal qalmadı” təkcə keçmişin təsviri deyil, eyni zamanda Azərbaycan xalqının haqlı tarixi mövqeyinin ədəbi ifadəsidir. Müəllif kitabın üç dildə elektron formatda hazırlanmasını Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması baxımından mühüm addım kimi dəyərləndirib və layihəyə dəstək göstərən qurumlara təşəkkürünü bildirib.
Tədbirin yekununda kitabın müəllifi Varis Yolçuyev tərəfindən iştirakçılara “İrəvanda xal qalmadı” kitabının imzalanmış nüsxələri təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.













