Regionumuzdakı son hadisələri nəzərə alaraq, bəzi platformaların, xüsusən də sosial medianın Türkiyə-Azərbaycan münasibətlərini və Azərbaycanın özünü hədəf alan həddindən artıq tənqid, dezinformasiya və təxribat ehtiva edən məzmun paylaşdığı müşahidə olunub.
Gündəm24.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
“Sarsılmaz tarixi əlaqələr və ortaq dəyərlərlə bir-birinə bağlı olan Türkiyə və Azərbaycan təkcə bu gün deyil, həm də keçmişdə üzləşdikləri çoxsaylı çətinliklərin öhdəsindən uğurla gəliblər”, – deyə məlumatda vurğulanıb.
Həmçinin qeyd edilib ki, Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən liderlik səviyyəsində aparılan ikitərəfli münasibətlər bütün səviyyələrdə “Bir Millət, İki Dövlət” şüarı altında həyata keçirilir.
“İctimaiyyətə bu qardaşlığa zərər verə biləcək həddindən artıq açıqlamalara, dezinformasiyalara və qara təbliğat fəaliyyətlərinə qarşı daha həssas olmağa və Türkiyə və Azərbaycan hakimiyyət orqanlarının kritik məsələlərlə bağlı verdiyi açıqlamaları nəzərə almağa çağırılır”, – deyə məlumatda diqqətə çatdırılıb.














