Bakının Yeni Ramana qəsəbəsində “Şuşa” şəhərciyi və “Sovxoz Ramana” adlanan ərazilərdə torpaq qiymətlərində nəzərəçarpan ucuzlaşma müşahidə olunur.
Gündəm24.az Metbuat.az-a istinadən xəbər verir ki, qiymətlərin düşməsinin əsas səbəbi satışa çıxarılan torpaq sahələrinin çoxunun kənd təsərrüfatı təyinatlı olmasıdır.
Qanunvericiliyə görə, bu tip torpaqlarda ev və ya kommersiya obyektləri tikmək qadağandır. Bu səbəbdən torpaq alan şəxslər orada tikinti apara bilmir, tikinti aparanlar isə qaz, su və işıq kimi kommunal xətləri çəkməyə çətinlik çəkirlər. Kənd təsərrüfatı təyinatlı torpaqlar üzərində nəzarətin son ilyarımda güclənməsi yeni evlerin insasını mumkünsüz edib.
Bu məhdudiyyətlər torpaq sahələrinin bazar dəyərinə birbaşa təsir edir və qiymətlərin kəskin şəkildə azalmasına gətirib çıxarır. Hazırda “Şuşa” şəhərciyinin bəzi ərazilərində torpağın 1 sotu alıcılara 2000-2500 manata təklif olunur. İlyarım əvvəl isə qiymətlər 4-5 min manat arasında dəyişirdi.
Kənd təsərrüfatı təyinatlı torpaqlara maraq əsasən əkinçilik və təsərrüfat fəaliyyəti ilə əlaqədardır. Bakıətraflı qəsəbələrdə isə belə fəaliyyət rentabelli sayılmır.
Mütəxəssislər hesab edirlər ki, əgər gələcəkdə qanunvericilikdə dəyişiklik etməklə bu torpaqların təyinatı dəyişdirilsə, qiymətlər yenidən bahalaşacaq.
Nazim Hüseynzadə / Metbuat.az













