Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə Gündəm24.az -a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Agentliyin müfəttişləri tərəfindən Beyləqan rayonunun Dünyamalılar kəndində yerləşən fərdi sahibkar İsmayılzadə Elçin Cümşüd oğluna məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntu aşkarlanıb.
Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan iki ədəd yanacaqsaxlama çəninin üzərində nəfəslik klapanının quraşdırılmadığı müəyyən edilib.
Aşkar olunan pozuntunun dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, yanacaqdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntunun aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyekt sahibi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntunun aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.












