Yaxın Şərqdə artan gərginlik fonunda aviasiya yanacağının qiyməti kəskin bahalaşıb. Bu isə qlobal hava nəqliyyatına təsir etməyə başlayıb. Reyslərin ləğvi və təxirə salınması halları artır, bəzi istiqamətlər üzrə aviabiletlərin qiymətində də yüksəliş müşahidə olunur.
Bu proses azərbaycanlı turistlər üçün nə vəd edir? Aviabiletlərin bahalaşması tur paketlərinin qiymətinə də təsir göstərə bilərmi?
Gündəm24.az bildirir ki, globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, neft və yanacağın qiymətindəki bahalaşma uçuş marşrutlarına da təsir göstərəcək:
“Hətta artıq bəzi istiqamətlər üzrə bilet qiymətlərinin bir neçə dəfə artmasına səbəb olub. Müharibənin uzanacağı təqdirdə turizm bazarına ciddi təsir edəcəyi gözlənilir. Neft və yanacaq qiymətlərinin artması təyyarə yanacağı, o cümlədən daşınma xərclərinin bahalaşmasına gətirib çıxarır. Bu da tur paketlərinin qiymətinə birbaşa təsir edir. Ümumilikdə tur paketlərində nəqliyyat xərclərinin payı təxminən 30 faizdən 40-50 faizə qədər dəyişə bilər. Bu baxımdan yanacaq qiymətləri qiymət formalaşmasında əsas amillərdən biri hesab olunur”.
Ekspert bildirib ki, gərginliyin davam etməsi və xüsusilə Hörmüz boğazının bağlanması ehtimalı neftin qiymətini 150-200 dollaradək yüksəldə bilər:
“Bu isə daşınma xərclərinə, xüsusilə uzunmüddətli uçuşlara daha ciddi təsir göstərəcək. Nəticə etibarilə, prosesin uzanması uzun məsafəli səyahətlərin azalmasına, daha çox regiondaxili səfərlərə üstünlük verilməsinə səbəb ola bilər”.













