Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsi imtahandan qanuni şəkildə keçmiş tələbələrin nəticələrinin sonradan ləğv edildiyini iddia edib.
Gündəm24.az Oxu.Az-a istinadla xəbər verir ki, tələbə 2025-ci ilin yanvar imtahan sessiyasında bir fəndən uğurla keçməyinə baxmayaraq, imtahandan təxminən iki ay sonra nəticəsinin səbəbsiz şəkildə “kəsir” kimi dəyişdirildiyini bildirib.
Dekanlıqdan isə bunun imtahan vərəqində eyni cümlələrin yazılması ilə əlaqədar olduğu qeyd edilib.
Tələbə sözlərinə görə, sonradan məlum olub ki, universitetdə aparılan ümumi yoxlamalar səbəbi ilə imtahandan keçmiş çox sayda tələbənin nəticələri sonradan dəyişdirilib, bu proses müxtəlif kursları əhatə edir və hazırda da davam edir.
Məsələ ilə bağlı Lənkəran Dövlət Universitetindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, LDU-da obyektivliyi və şəffaflığı tam təmin etmək məqsədilə hər semestr imtahan sessiyası müddətində və sessiya başa çatandan sonra, növbəti semestr ərzində imtahan yazı vərəqələrinin təkrar yoxlanması aparılır.
“İmtahan nəticələrinin saxtalaşdırılaraq şişirtmə qiymətlərin yazılması, imtahan biletindəki suallara aidiyyəti olmayan cavabların yazılması ilə bağlı əsaslı faktlar müəyyən ediləndə həmin tələbələrin imtahan nəticələri ləğv edilir və bu barədə tələbələr məlumatlandırılır. Eyni zamanda, imtahan suallarını daha yaxşı şəkildə cavablandırıb aşağı qiymət yazılmış yazı işləri müəyyən edildikdə obyektiv şəkildə təkrar qiymətləndirmə aparılır. Təkrar yoxlamalar universitetin daxili siyasətidir, heç bir tələbənin hüququnu məhdudlaşdırmır, əksinə, imtahan yazı vərəqələrini daha yaxşı yazan tələbələrin müəyyənləşdirilməsinə şərait yaradır. Nəticədə tələbələrə təqaüdlərin verilməsində obyektivlik təmin olunur”, – məlumatda qeyd olunub.













