Azərbaycanın əmək bazarında ədalətli bölgü və gender bərabərliyinin təmin olunması istiqamətində inqilabi addım atılır. Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirəyə çıxarılan Əmək Məcəlləsinə və “Gender bərabərliyinin təminatları haqqında” qanuna təklif edilən yeni dəyişikliklər, işəgötürənlərin çiyinlərinə ciddi öhdəliklər qoyur.
Yeni layihəyə əsasən, artıq eyni və ya bərabərdəyərli işi görən hər bir işçi, cinsindən asılı olmayaraq, tamamilə bərabər əməkhaqqı almalıdır. Bu, təkcə maaşları deyil, həm də iş şəraitini və intizam tənbehlərini əhatə edən genişmiqyaslı hüquqi bazadır.
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli NOCOMMENT.az-a bildirib ki, bu dəyişiklik Azərbaycanın beynəlxalq əmək standartlarına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir: “İndiyə qədər qanunvericilikdə bu prinsip yalnız ‘eyni və ya oxşar işlər’ çərçivəsində tətbiq olunurdu. Lakin ‘bərabərdəyərli iş’ anlayışı daha genişdir. Məsələn, müxtəlif vəzifələrdə çalışan, lakin eyni dərəcədə məsuliyyət daşıyan, eyni ixtisas xüsusiyyətlərinə və fiziki-psixoloji yükə malik olan işçilər arasında maaş fərqinin olması artıq qanun pozuntusu sayılacaq. Bu, həm də Beynəlxalq Əmək Təşkilatının 100 nömrəli Konvensiyasından irəli gələn öhdəliklərimizin yerinə yetirilməsidir”.
Ekspertin sözlərinə görə, dəyişiklik işəgötürənlərin subyektiv qərarlarının qarşısını alacaq: “Yeni sənədə əsasən, işin bərabərdəyərli olması konkret meyarlarla — əmək şəraiti, əmək funksiyasının xarakteri və Vahid Tarif-İxtisas Sorğu Kitabçaları əsasında müəyyən ediləcək. Bu o deməkdir ki, işəgötürən artıq ‘istədiyim işçiyə daha çox maaş verirəm’ deyə bilməyəcək. Əgər bir qadın və bir kişi eyni mürəkkəblikdə işi icra edirsə, onların gəlirləri mütləq şəkildə eyniləşdirilməlidir. Bu, xüsusilə özəl sektorda şəffaflığın artmasına və gizli diskriminasiyanın aradan qalxmasına xidmət edəcək”.
Akif Nəsirli qeyd edib ki, layihə təkcə maaşları deyil, həm də iş yerindəki mənəvi mühiti qorumağı hədəfləyir: “Cinsi mənsubiyyətə görə fərqli intizam tənbehinin tətbiq edilməməsi və seksual qısnamanın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsi öhdəliyi də məhz işəgötürənin üzərinə qoyulur. İşəgötürənlər artıq başa düşməlidirlər ki, gender bərabərliyi sadəcə bir şüar deyil, qanunla tənzimlənən və məsuliyyət yaradan bir tələbdir. Bu dəyişikliklər qüvvəyə mindikdən sonra işçilərin öz hüquqlarını qoruması üçün daha möhkəm hüquqi dayaqları olacaq”.














