Azərbaycan Mərkəzi Bankının yenilənmiş dizayna və müasir mühafizə elementlərinə malik 100 manatlıq əskinası tədavülə buraxması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Yeni əskinasın dövriyyəyə daxil olması fonunda vətəndaşları düşündürən əsas məsələlərdən biri də köhnə dizaynlı 100 manatlıqların gələcək taleyidir.
Bəs köhnə 100 manatlıq əskinaslar mərhələli şəkildə tədavüldən çıxarıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, köhnə nümunəli 100 manatlıq əskinasların gələcəkdə tədricən tədavüldən çıxarılması mümkündür.

“Amma bu o demək deyil ki, kiminsə əlində həmin əskinaslar qalarsa, onlardan istifadə edə və ya dəyişdirə bilməyəcək. Vətəndaşlar istənilən vaxt Azərbaycan Mərkəzi Bankına müraciət edərək köhnə əskinasları yeniləri ilə dəyişə bilərlər. Bunun üçün vaxt məhdudiyyəti yoxdur. Üstündən nə qədər vaxt keçməsindən asılı olmayaraq, Mərkəzi Bank həmin əskinasları dəyişdirəcək.”
Ekspert qeyd edib ki, yeni dizaynlı əskinasların dövriyyəyə buraxılmasında əsas məqsəd nağd pulun təhlükəsizliyini artırmaq, saxtalaşdırma riskini minimuma endirmək və müasir beynəlxalq standartlara uyğun mühafizə elementlərini tətbiq etməkdir.













