Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda “Hizbullah”ın baş katibi Naim Qasım dünya gündəmini sarsıdan kəskin bəyanatlarla çıxış edib.
Gündəm24.az xəbər verir ki, qruplaşma lideri Livan rəhbərliyini aprelin 14-də ABŞ-da İsrail ilə keçirilməsi planlaşdırılan rəsmi danışıqları dərhal ləğv etməyə çağırıb. Naim Qasım bildirib ki, müqavimət qüvvələri 15 ay ərzində İsrailin heç bir saziş bəndinə əməl etməməsinə baxmayaraq səbr nümayiş etdirsə də, artıq diplomatiya öz funksiyasını itirib.
O, İsrailin “təcavüzü” nəticəsində 500-ə yaxın dinc sakinin həlak olduğunu, evlərin dağıdıldığını vurğulayaraq, hazırkı prosesin “Böyük İsrail” layihəsinin tərkib hissəsi olduğunu iddia edib. “Hizbullah” liderinin qənaətinə görə, bu layihə təkcə bir qrupu deyil, bütövlükdə Livanın varlığını hədəf alır və ölkəni ekzistensial məhv təhlükəsi ilə üz-üzə qoyur. Livan dövlətinin İsrailin “icraçı alətinə” çevrilməsini qəbulolunmaz adlandıran Qasım, prezidentə və hökumətə müraciət edərək, onlara xalqın maraqlarına zidd təzyiqlər edildiyini, bu danışıqların isə faktiki olaraq kapitulyasiya (təslimiyyət) mənasına gəldiyini bəyan edib.
O qeyd edib ki, yeganə çıxış yolu təcavüzün tam dayandırılması, İsrail ordusunun işğal olunmuş Livan torpaqlarından dərhal çıxması, əsirlərin azad edilməsi və dağıdılmış kəndlərin bərpasıdır. Livan ordusunu müqavimətə qarşı vuruşdurmaq cəhdlərini “böyük günah” adlandıran Naim Qasım, “Hizbullah”ın son nəfəsinə qədər döyüş meydanında qalacağını və İsraili dəhşət içində yaşamağa məcbur edəcəklərini vurğulayıb.
Sonda o, İranın, Yəmənin və İraqın müqavimətə verdiyi dəstəyə görə təşəkkür edərək, Livan dövlətini İrana münasibətdə öz mövqeyinə yenidən baxmağa və meydanda nümayiş etdirilən “əfsanəvi dözümlülüyə” dəstək olmağa çağırıb. Hazırda bütün diqqətlər Livan rəsmi dairələrinin bu sərt xəbərdarlığa verəcəyi reaksiyaya və aprelin 14-də baş tutmalı olan görüşün taleyinə yönəlib./NOCOMMENT.az














