İran ABŞ-ın münaqişəyə son qoymaq barədə təkliflərini qəti şəkildə geri çevirib. Press TV-nin yüksək rütbəli siyasi və təhlükəsizlik rəsmisinə istinadən yaydığı məlumata görə, Tehran bu məsələdə öz şərtlərinin yerinə yetirilməsini əsas amil kimi görür.
“İran müharibəni o zaman bitirəcək ki, buna özü qərar versin və öz şərtləri tam təmin olunsun”, — deyə iranlı rəsmi bildirib.
KONKRET.az xəbər verir ki, mənbə Vaşinqtonun müxtəlif diplomatik kanallar vasitəsilə danışıqlar apardığını, lakin irəli sürülən təkliflərin reallıqdan uzaq və həddindən artıq ağır olduğunu qeyd edib.
Eyni zamanda, İran hökuməti yanında İnformasiya Şurasının rəhbəri Elias Həzrəti ABŞ prezidenti Donald Trampın Tehranla danışıqlar aparılması barədə bəyanatlarını təkzib edib. O, İran dövlət teleradio şirkətinin efirində çıxış edərək bildirib ki, bu iddialar həqiqəti əks etdirmir:
“Düşmən heç nəyə nail ola bilməyib və dünya ictimaiyyətinə cavab verəcək gücdə deyil. Sülh bağladıqlarını, danışıqlar apardıqlarını iddia edirlər, lakin bu, tamamilə yalandır. Tramp yalan danışır. O, danışıqlar prosesinin qızğın vaxtında müharibəyə başladı, bu dəfə isə planı baş tutmayacaq”.














