İran Prezidenti Məsud Pezeşkian beynəlxalq ictimaiyyətə səslənərək Fars körfəzindəki gərginlik fonunda tərəflərin mövqeyinə qiymət verilməsini istəyib.
Gündəm24.az xəbər verir ki, Pezeşkian X sosial şəbəkəsində etdiyi paylaşımda Tehranla Vaşinqton arasında münaqişənin diplomatik yolla həllinə kimin daha sadiq olduğunu sual edib.
O bildirib ki, ABŞ xalqına açıq məktub ünvanladığı vaxt İranın xarici siyasət üzrə strateji şurasının rəhbərinə qarşı sui-qəsd cəhdi baş verib və hadisə nəticəsində həmin şəxsin həyat yoldaşı ölüb.
İran prezidenti vurğulayıb ki, yaranmış vəziyyətdə beynəlxalq ictimaiyyət dialoqu və danışıqları hansı tərəfin dəstəklədiyini, terrora isə hansı tərəfin yol verdiyini aydın şəkildə görməlidir.













