ABŞ Prezidenti Donald Trampın İrana yönəlmiş sərt hücum təhdidlərinə Tehrandan gözlənilməz və olduqca sərt cavab gəlib.
Gündəm24.az xəbər verir ki, İran ordusu Yaxın Şərqdəki münaqişənin ABŞ və İsrail təslim olana qədər davam edəcəyini açıqlayıb və növbəti əməliyyatların “daha böyük, daha genişmiqyaslı və daha dağıdıcı” olacağını bildirib.
ABŞ Prezidenti Donald Tramp televiziya vasitəsilə xalqa müraciətində İranla müharibə zamanı 13 ABŞ əsgərinin öldürüldüyünü açıqlayıb. O bildirib ki, yaxın 2–3 həftə ərzində İranın hərbi hədəflərinə çox sərt zərbələr endiriləcək:
“Amerikanın bütün hərbi hədəflərini qısa müddətdə tamamlayacağıq. Növbəti 2-3 həftə ərzində onlara güclü zərbələr endirib Daş dövrünə qaytaracağıq. Hələ neft infrastrukturuna zərbə endirməmişik, amma vura bilərik. Radar sistemləri məhv edilib”.
Trampın bu təhdidlərindən sonra İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya vahid komandanlıq mərkəzinin sözçüsü İbrahim Zülfiqari Tehranın hərbi əməliyyatları davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, qarşı tərəf “davamlı peşmançılıq və təslimiyyətlə” üzləşəcək.
İran rəsmisi ABŞ və İsrailin İranın hərbi imkanları ilə bağlı qiymətləndirmələrinin “natamam” olduğunu iddia edib və əməliyyatların daha intensiv və səmərəli şəkildə davam edəcəyini vurğulayıb.
Digər sərt açıqlama isə İran liderinin baş müşaviri Əli Əkbər Vilayətidən gəlib. O bildirib ki, Hörmüz boğazı dünya üçün açıq olsa da, İranın düşmənləri və onların bölgədəki bazaları üçün bağlı qalacaq.
Qeyd edək ki, İranla müharibə artıq 34-cü gününə daxil olub və tərəflərin qarşılıqlı sərt bəyanatları bölgədə gərginliyin daha da artacağından xəbər verir. İran tərəfi yeni hərbi əməliyyatların daha geniş və daha dağıdıcı olacağını açıq şəkildə bəyan edib./NOCOMMENT.az/













