Macarıstan və Slovakiya Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbuluna veto qoyub.
Gündəm24.az “Report”a istinadla xəbər verir ki, bu, Aİ Xarici İşlər Nazirləri Şurasının bugünkü iclasının gündəliyindəki əsas məsələlərdən biri olub.
Bolqarıstanın xarici işlər naziri Nadejda Nevinskayanın sözlərinə görə, Macarıstan nümayəndəsi vetoya əsaslı arqumentlər səsləndirib.
“Yeni sanksiya paketinin müzakirəsi Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü kontekstində xüsusi əhəmiyyət kəsb edirdi. Biz onu dəstəkləyirik, lakin indiki mərhələdə o, Slovakiya və Macarıstan tərəfindən bloklanıb. Hadisələrin bundan sonra necə inkişaf edəcəyini görəcəyik”, – o, iclasın yekunlarına dair jurnalistlərə deyib.
Sloveniyanın xarici və Avropa işləri naziri Tanya Fayon isə 20-ci paket ətrafında qızğın müzakirələrin getdiyini bildirib.
“Hər bir tərəf, o cümlədən Macarıstan, Slovakiya və Ukrayna öz mövqeyini təqdim edib. Başa düşdüyüm qədər, razılığa gəlmək məqsədilə veto qoyan hər iki ölkə ilə danışıqlar aparılır. Mən də ən qısa zamanda razılığın əldə olunmasına çağırıram”, – Fayon deyib.
O qeyd edib ki, getdikcə Aİ üzvü olan daha çox ölkə Rusiya ilə danışıqları bərpa etməyi zəruri hesab edir, lakin əvvəlcədən vahid taktika işləyib hazırlayaraq kiminlə və nə barədə dialoq aparmağı, eləcə də birliyi kimin təmsil edəcəyi müəyyənləşməlidir:
“İlk növbədə Avropa danışıqlar masasında olmaq istədiyini bəyan edərkən aydın mövqeyə malik olmalıdır. Əgər danışıqlar masasında olmaq istəyirsinizsə, orada iki nəfər oturur – təcavüzkar və qurban. Avropanın iştirakı isə o deməkdir ki, o, hər iki tərəflə danışmalıdır”.














