Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş həyat yoldaşı Anna Akopyanın son addımı diqqət çəkib. O, bəzi zinət əşyalarını və bahalı geyimlərini dövlətə qaytaracağını açıqlayıb.
Bu addım hüquqi baxımdan dövlət əmlakının mənimsənilməsi və ya vəzifəli şəxslərin ailə üzvlərinin əmlak məsuliyyəti kontekstində hansı prosedurların tətbiq olunduğunu göstərir?
Gündəm24.az xəbər verir ki, globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov xatırladıb ki, Akopyan bundan sonra baş nazirin xanımı kimi deyil, ayrıca kirayə mənzildə yaşayacağını, xidməti avtomobil və mühafizədən istifadə etməyəcəyini də açıqlayıb:
“Əslində bunun nə dərəcədə real olması sual doğurur. Unutmaq olmaz ki, Paşinyan ölkənin baş naziridir və rəsmi nikah olmasa da, Anna Akopyan onun övladlarının anasıdır. Bu addım seçki öncəsi Baş nazir barədə daha qanunsevər, dövlətə və hüquqa sadiq imic formalaşdırmaq məqsədi daşıya bilər. Eyni zamanda, bunun arxasında başqa siyasi hesabların olması ehtimalı da istisna deyil. Hətta belə fikirlər səslənir ki, gələcəkdə zərurət yaranarsa, Akopyanın namizədliyinin irəli sürülməsi variantının da nəzərdən keçirilməsi mümkündür. Bunlar hələlik ehtimaldır. Zinət əşyalarının və Baş nazirin xanımı olduğu dövrdə əldə edilmiş bəzi dəyərli hədiyyələrin dövlətə təhvil verilməsi isə qanunvericiliyin tələbidir. Bu addımın ictimai şəkildə nümayiş etdirilməsinə ehtiyac olub-olmaması ayrıca müzakirə mövzusudur. Amma istənilən halda, həmin əşyalar təhvil verilməli idi. Bir çox ölkələrdə olduğu kimi, qanunvericilikdə vəzifəli şəxslərin hədiyyə qəbul etməsi ilə bağlı məhdudiyyətlər mövcuddur. Müəyyən məbləğə qədər hədiyyələr qəbul edilə bilər, lakin vəzifə icrası zamanı təqdim edilən dəyərli əşyalar dövlətə məxsus sayılır. Ermənistan qanunvericiliyində də bu normalar var”.
Hüquqşünas bildirib ki, Anna Akopyan bu addımı təkcə Paşinyanın deyil, daha çox özünün gələcək siyasi perspektivi baxımından atmış ola bilər:
“O, “Mənim Addımım” Fonduna rəhbərlik edir və bu vəzifədən imtina etmək niyyətində olmadığını bildirdi. Bu isə göstərir ki, Baş nazirin həyat yoldaşı statusundan imtina etsə də, ictimai-siyasi fəaliyyətini davam etdirmək və özünü ayrıca siyasi fiqur kimi təqdim etmək niyyətindədir. Nəzərə alsaq ki, Paşinyan artıq bir dəfə növbədənkənar parlament seçkiləri yolu ilə hakimiyyətini möhkəmləndirib və partiyasının növbəti seçkilərdə də qalib gəlmək ehtimalı yüksək qiymətləndirilir. Bu fonda Anna Akopyanın addımları daha çox şəxsi siyasi mövqeyini gücləndirməyə hesablanmış gediş təsiri bağışlayır. Bu isə gələcəkdə onun siyasi meydanda ayrıca iddia ilə çıxış etməsi ehtimalını artırır”.














