Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən dərhal sonra Rusiya hökuməti İrəvana ən sərt xəbərdarlıqlarından birini ünvanlayıb. Baş nazirin müavini Aleksey Overçuk verdiyi geniş müsahibədə Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunun və ABŞ-la əməkdaşlığının doğuracağı ağır nəticələrdən danışıb.
Gündəm24.az xəbər verir ki, Overçuk Ermənistan və ABŞ arasında imzalanan “Trampın beynəlxalq sülh və rifah naminə təşəbbüsü” (TRIPP) layihəsinin regiondakı 200 illik balansı pozduğunu bildirib. O, bu sənədin 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsi ilə bərqərar olan regional nizamı təhlükə altına atdığını vurğulayıb. Rusiyalı rəsmi qeyd edib ki, Vaşinqtonun bu marşrutda əsas məqsədi Mərkəzi Asiyanın kritik minerallarını çıxarmaq və İranın şimal sərhədlərinə nəzarət etməkdir.

Overçukun sözlərinə görə, Bakı “Zəngəzur dəhlizi”ni ölkənin iki hissəsini birləşdirmək və Türkiyə ilə birbaşa əlaqə qurmaq üçün mühüm vasitə hesab edir. Lakin Moskvanın bu məsələdə Türkmənçay müqaviləsinə istinad etməsi Cənubi Qafqazı hələ də öz “arxa həyəti” hesab etdiyinə dair açıq mesajdır. Rusiya rəsmisi Rusiyanın kommunikasiyaların açılması prosesindən kənarlaşdırılmasını böyük səhv adlandırıb və İranı ABŞ-ın bu layihəsinə qarşı daha fəal müqavimət göstərməyə çağırıb./NOCOMMENT.az/














