NATO Hörmüz boğazında sərbəst naviqasiyanın təmin olunmasına dəstək verməyə hazırlaşır. Alyansın baş katibi Mark Rutte Vaşinqtonda çıxışı zamanı bu strateji su yolunun qlobal ticarət üçün əhəmiyyətini vurğulayaraq, NATO-nun prosesə cəlb olunma ehtimalını gündəmə gətirib.
Gündəm24.az xəbər verir ki, mütəxəssislər NATO-nun bu addımını ilk növbədə qlobal enerji təhlükəsizliyi və dəniz ticarət yollarının qorunması strategiyası kimi qiymətləndirirlər.
Hörmüz boğazı dünya neft daşımalarının mühüm hissəsinin keçdiyi strateji nöqtədir və burada naviqasiya azadlığının pozulması beynəlxalq bazarlara, xüsusən də neftin qiymətinə birbaşa təsir göstərir.
Ruttenin açıqlaması Alyansın regionda daha aktiv rol almağa və ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək üçün hərbi potensialından istifadə etməyə hazırlaşdığının göstəricisidir.
İran tərəfi isə bölgəyə kənar qüvvələrin daxil olmasını qəbul etmir və bu cür cəhdləri gərginliyi artıran amil kimi görür. Politoloqların fikrincə, NATO-nun Hörmüz boğazına daxil olması regionda hərbi-siyasi balansı dəyişə bilər ki, bu da Tehranın daha kəskin cavab tədbirləri görməsinə səbəb ola bilər. Lakin qlobal enerji böhranının qarşısını almaq üçün Qərb müttəfiqləri boğazda “qırmızı xətt” çəkməkdə qərarlı görünürlər./NOCOMMENT.az/














