İranın paytaxtı Tehran və ətraf rayonlarda ard-arda güclü partlayış səsləri eşidilib. Hadisə şahidlərinin sözlərinə görə, bu gecə müharibənin başlanğıcından bəri yaşanan “ən qorxulu gecə” olub.
Partlayışların dalğası o qədər güclü olub ki, şəhərin müxtəlif istiqamətlərində yaşayış binaları sarsılıb, sakinlər arasında böyük təşviş yaranıb.
Gündəm24.az xəbər verir ki, yerli vaxtla saat 02:24 ilə 02:26 radələrində Tehranın qərb hissəsində yerləşən Cənnət-Abad, Punaq, Şahran və Ekbatan kimi ərazilərdə bir neçə dəhşətli partlayış qeydə alınıb. Bənzər məlumatlar şəhərin cənub rayonlarından, o cümlədən Mehrabad və İslamşəhrdən də daxil olub. Bəzi bölgələrdə partlayışdan dərhal sonra elektrik enerjisinin kəsilməsi və güclü zərbə dalğasının hiss olunması barədə xəbərlər yayılıb.
Hücumun coğrafiyası təkcə paytaxtla məhdudlaşmayıb. Qonşu Əlborz vilayətinin Kərəc, Gülşəhr və Fərdis kimi yaşayış məntəqələrində də güclü partlayış səsləri eşidilib. Robatkərim bölgəsində isə gecə boyu bir neçə dəfə təkrar olunan zərbələr qeydə alınıb. Hazırda partlayışların dəqiq səbəbləri və dəymiş ziyan barədə rəsmi açıqlama gözlənilir./NOCOMMENT.az/













