Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkədə ictimai-siyasi sabitliyi pozmağa yönələn istənilən cəhdlərə qarşı sərt tədbirlər görüləcəyini bəyan edib.
Gündəm24.az xəbər verir ki, dövlət başçısı alimlərin mükafatlandırılması mərasimində çıxış edib. O, bildirib ki, cəmiyyət sosial və mənəvi normalarla bağlı “destruktiv yanaşmalara”, eləcə də ənənəvi dəyərlərə zidd olan və daxili birliyi sarsıdan ideyalara uymamalıdır.
Tokayev vurğulayıb ki, sosial və ya millətlərarası nifaq yaratmağa yönələn bütün addımlar qanun çərçivəsində qəti şəkildə qarşısı alınacaq. Prezidentin mətbuat xidmətindən bildirilib ki, bu cür təhdidlər ölkədə sabitlik və ictimai həmrəylik üçün ciddi risk kimi qiymətləndirilir.
Bununla yanaşı, dövlət başçısı avqust ayında keçiriləcək parlament seçkilərini Qazaxıstanın siyasi sistemində genişmiqyaslı “yenidənqurma” prosesinin başlanğıcı kimi dəyərləndirib./KONKRET.az/













