ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında İran rəhbərliyinə qarşı növbəti və ən kəskin xəbərdarlığını ünvanlayıb. Ağ Ev rəhbəri rəsmi Tehrana Hörmüz boğazını açmaq və ya yeni saziş imzalamaq üçün cəmi 48 saat vaxt verdiyini bəyan edib.
KONKRET.az xəbər verir ki, Tramp paylaşımında vaxtın daraldığını vurğulayaraq yazıb: “Yadınızdadırsa, İrana saziş bağlamaq və ya Hörmüz boğazını açmaq üçün on gün vaxt vermişdim. İndi isə cəmi 48 saat qalıb. Bundan sonra bütün cəhənnəm onların üzərinə çökəcək”. ABŞ prezidentinin bu “qiyamət” vədi bölgədə hərbi gərginliyin ən yüksək həddə çatdığını göstərir.
Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrail İran ərazisindəki hərbi və strateji obyektlərə zərbələr endirməyə başlayıb. İran tərəfi isə buna cavab olaraq həm İsrail ərazisinə, həm də ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına raket hücumları təşkil edir. Verilən bu son ultimatumun bölgədə genişmiqyaslı müharibəyə yol açıb-açmayacağı bütün dünya tərəfindən narahatlıqla izlənilir.














