“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə gecə saatlarında sosial şəbəkədə fərdi təhsilə yönləndirilməsi gecikən 3 şagirdlə bağlı məsələ qaldırıb.
Gündəm24.az Milli.Az-a istinadən xəbər verir ki, o, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Ağazadə Məktəbəqdər və Ümumtəhsil üzrə Dövlət Agentliyini məsuliyyətsizlikdə ittiham edib.
Ağazadə paylaşımında bildirib ki, 14 noyabrda 3 sakin barədə status yazıb. 17 noyabrda onlara “həftənin birinci günündən fərdi təhsilə gedəcəklər” deyilsə də, sonrakı günlərdə qərar uzadılıb:
“Hər gün paltarını axşamdan hazırlayıb bizdən cavab gözləyirdi. Cavab isə “hələ gözləyək” idi. 16 yaşlı, 3-cü sinfə fərdi təhsilə gedəcək qızımız artıq getməyəcək! Depressiv vəziyyətdədir, paltarlarını kəsib-doğrayıb. Bu uşaq özünə nəsə etsə, yaxanız əlimdədir!”
Səhər saatlarında isə məsələ ilə bağlı ona rəsmi geri dönüş edilib.
Kəmalə Ağazadə yeni açıqlamasında bildirib:
“İş saatı başlayan kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Bəşarət müəllim zəng edərək məlumat verdi ki, müraciətimiz üzrə artıq qərar verilib. 314 saylı məktəbin direktoru Səfa müəllimə tapşırıq göndərilib. 3 uşaq 1 dekabr 2025-ci ildən müvafiq cədvələ uyğun olaraq fərdi təhsilə gedəcək”.











