Həmid Herisçi və həyat yoldaşı İlhamiyyə Rıza tutduqları vəzifələrdən azad ediliblər. Məlumata görə, onların bütün media, ədəbi, ictimai və mədəni məsələlərlə bağlı fəaliyyətlərinə də məhdudiyyət tətbiq olunub.
Gündəm24.az xəbər verir ki, əldə edilən məlumata əsasən, qərardan sonra hər iki şəxsin media fəaliyyəti dayandırılıb. Bildirilir ki, onların AzTV-nin Mədəniyyət TV kanalında yayımlanan “Əbədi Tənqid” verilişi də dayandırılıb.
Mətbuatın yazdığına görə, məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyi-nin sədri Anar Rzayevə müraciətlər edilsə də, Anar Rzayev yuxarıdan verilən qərarı nəzərə almayaraq Həmid Herisiçinin AYBdəki fəaliyyətinə son qoymayıb.
Qeyd edək ki, Həmid Herisçi son dövrlərdə İran və oradakı dini hakimiyyətlə bağlı açıqlamaları ilə gündəmə gəlirdi. Onun bu mövqeyi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuş, bir çox istifadəçi tərəfindən sərt tənqid olunmuşdu.
Hadisə ilə bağlı rəsmi qurumların əlavə açıqlama verəcəyi gözlənilir./Citypost.az














