ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatları nəticəsində rəsmi Tehranın raket arsenalının böyük hissəsi sıradan çıxarılıb. Trampın sözlərinə görə, hərbi əməliyyat çərçivəsində İran raketlərinin təxminən 60%-i, buraxılış qurğularının isə 64%-i məhv edilib.
“Raketlər və buraxılış qurğuları artıq yoxdur. Müvafiq olaraq 60% və 64% göstəriciləri ilə İranın hərbi potensialı çökdürülüb”, – deyə Ağ Ev rəhbəri əməliyyatların gedişatını şərh edərkən bildirib.
Bəs İran mövcud imkanları ilə nə qədər müddət müqavimət göstərə bilər?
Sfera.az-a mövzu ilə bağlı açıqlama verən siyasi şərhçi Tural İrfan qeyd edib ki, ABŞ və İsrailin endirdiyi zərbələrin əsasən hərbi bazaları hədəf aldığını nəzərə alsaq, bu iddianın həqiqətə uyğun olma ehtimalı yüksəkdir:
“Çox güman ki, söhbət müxtəlif saxlanc məntəqələrində, xüsusilə də dağların altında gizlədilən yeraltı bazalarda yerləşdirilən raket ehtiyatlarından gedir. Bu zərbələrdə əsas məqsəd İranın İsrailə və Körfəz ölkələrinə yönəlmiş mümkün raket hücumları zəncirini qırmaqdır”.

Ekspert vurğulayıb ki, əgər Ağ Evin təqdim etdiyi rəqəmlər doğrudursa, İranın raket ehtiyatlarının yaxın zamanda tükənməsi qaçılmazdır:
“İran tərəfi rəsmi bəyanatlarında uzun müddət kifayət edəcək qədər raket ehtiyatına malik olduqlarını bildirir. Lakin bu açıqlamalar müəyyən qədər mübaliğə ola bilər və ya ABŞ-İsrail hücumlarından əvvəlki vəziyyəti əks etdirir. Hər halda, ABŞ kimi müasir texnologiyaya və nəhəng hərbi potensiala malik bir dövlətin genişmiqyaslı hava hücumları qarşısında İranın uzun müddət davam gətirməsi strateji baxımdan çox çətin görünür”.














