İran müharibə başlayandan bəri qonşu və yaxın regionda yerləşən bir neçə ölkəyə, o cümlədən Azərbaycana hücumlar həyata keçirib. Bu hücumlar nəticəsində mülki təyinatlı obyektlərə ziyan dəyib. İranın bu cür davranmaqda məqsədi münaqişəni yaxın regionlara yaymaq, eskalasiya təhlükəsini genişləndirmək və bu yolla münaqişənin dayandırılmasına nail olmaqdır. İddialara görə, İranın bu növ zərbələrinin qarşısını almaq üçün ABŞ və İsrail daha sərt addımlar ata bilər.
Siyasi ekspert Çingiz Şahbazi mövzu ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, İranın Naxçıvana pilotsuz uçuş aparatları (PUA) ilə hücum etməsi, həmçinin Türkiyəyə yönəlik raket atışları (hansı ki, NATO qüvvələri tərəfindən zərərsizləşdirilib) heç şübhəsiz ki, bilərəkdən atılan addımlardır.

Ekspertin sözlərinə görə, bu hadisələr regionda sabitliyin pozulmasına səbəb ola biləcək ciddi amillərdir:
“Dünya mətbuatında İranın bu hərəkətləri Cənubi Qafqaz üçün ciddi təhlükə kimi qiymətləndirilib. Rəsmi məlumatlara görə, Naxçıvan ərazisinə İrandan bir neçə dron buraxılıb. Onlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminalına, digəri isə Şəkərabad kəndində yerləşən məktəb binasının yaxınlığına düşüb. Hadisə nəticəsində bir neçə mülki şəxs yaralanıb, infrastruktura ciddi ziyan dəyib. Baş verənlər, əlbəttə ki, təsadüfi deyil. Bu, İran ilə ABŞ-İsrail arasındakı geniş qarşıdurmanın regiona yayılmasının əlamətləridir. İran bənzər siyasəti Körfəz ölkələrinə qarşı atdığı raketlər vasitəsilə də həyata keçirir. Türkiyə və Azərbaycana qarşı atılan addımlar da bu strateji xəttin tərkib hissəsidir”.
Ekspert qeyd edib ki, İran regionun strateji enerji və nəqliyyat marşrutlarının həssaslığını yaxşı bilir:
“Bakı-Tbilisi-Ceyhan boru kəməri və regional hava dəhlizləri üçün risk yaratmaqla Tehran müəyyən mesajlar verməyə çalışır. Bu baxımdan dünyanın bir çox ölkəsi İranın addımlarını pisləyib və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edib. Hesab edirəm ki, İranın bu mövqeyi intensiv hal alarsa, ABŞ-İsrail koalisiyasının cavab tədbirlərini genişləndirməsi zəruri olacaq. Azərbaycan da baş verənlərə seyrçi qalmayacaq və lazımi tədbirləri görmək məcburiyyətində qalacaq. Yəni İranın bu hərəkətlərinə qarşı regional hərbi koalisiya yarana bilər ki, bu da rəsmi Tehran üçün lokal eskalasiya riski deməkdir. Hazırda regionda diplomatik gərginlik pik həddədir və Yaxın Şərqdəki qarşıdurmanın Qafqaza sıçrama riski istisna edilmir”./Sfera.az













