Ermənistan Baş naziri Nikol Paşinyan bu yaxınlarda Türkiyə ilə münasibətlərin inkişafı və sərhədlərin açılması ilə bağlı vəziyyəti müzakirə etmək üçün parlamentin vitse-spikeri Ruben Rubinyanla görüşüb.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
“Rubinyan Türkiyə ilə sərhədlərin açılması prosesini sürətləndirmək cəhdlərinin hələlik heç bir uğur qazanmadığını deyib. O bildirib ki, TRIPP-in (Zəngəzur dəhlizi) işə salınmasından sonra belə Türkiyənin sərhədləri açmayacağı ehtimalı yüksəkdir. Rubinyanın fikrincə, 2026-cı ilin yanvar ayından etibarən diplomatik pasport sahibləri üçün sərhədlər açıla bilər, amma bu, hələlik dəqiq deyil”, – bildirilib.
Nəşrin məlumatına görə, Paşinyan qarşılığında deyib ki, Türkiyə sərhədləri açmasa, TRIPP layihəsinin gəlirliliyi və mənası şübhə altına alınacaq:
“Paşinyan şəxsən ABŞ-ın Türkiyədəki səfiri Tom Barakdan bu məlumatı Prezident Donald Trampa çatdırmasını xahiş edəcək ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana təzyiq göstərsin”.













