Türkiyə və Ermənistan Qars–Gümrü dəmir yolunun bərpasını müzakirə edib.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə və Ermənistan xarici işlər nazirliklərinin açıqlamalarında bildirilib.
Məlumata görə, iki ölkənin nümayəndələri Qars–Gümrü dəmir yolu marşrutunun bərpası ilə bağlı danışıqlar aparıblar.
Görüş Türkiyə-Ermənistan sərhədində yerləşən Akyaka–Ahurik keçid məntəqəsində və Ermənistanın Gümrü şəhərində baş tutub. Bildirilib ki, tərəflər Qars–Gümrü dəmir yolunun bərpası və istismara verilməsi ilə bağlı ikinci texniki müzakirələri həyata keçiriblər.
Görüş, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində, daha əvvəl xüsusi nümayəndələr arasında əldə edilmiş razılaşmalara uyğun şəkildə aparılıb.
Xatırladaq ki, 2025-ci ilin sentyabrında İrəvanda Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıç arasında keçirilən görüş zamanı Gümrü–Qars dəmir yolu və elektrik ötürücü xəttinin bərpası ilə bağlı razılıq əldə olunmuşdu.











