Sumqayıtda daha bir yol təmir işlərindən sonra bərpa edilməyib.
Sumqayit24.az-a daxil olan şikayətdə bildirilib ki, Niyazi küçəsinin 17-ci mikrorayondan keçən hissəsində bir müddət əvvəl qazıntı işləri aparılıb. Məsul qurum tərəfindən ərazidən keçən yeraltı borular təmir edilib, lakin üzərindən xeyli müddət keçməsinə baxmayaraq yeni asfalt çəkilməyib.
Nəticədə avtomobillər bu yolla hərəkət edərkən çətinlik çəkir, bəziləri isə hətta zədələnir və sürücülərə maddi ziyan dəyir.
“Buradakı borularda tez-tez sızmalar baş verir. Gəlib qazır, “təmir edirlər”, sonra yenə problem yaranır. Fikrimcə, hər dəfə qazıntı işləri aparmamaq üçün asfaltı bərpa etmirlər. Öz işlərini asanlaşdırır, əhalinin işini çətinləşdirirlər”, – deyə şikayətçilərdən biri bildirib.
Xatırladaq ki, şəhərin 8-ci mikrorayonunda da eyni problem yaşanır.














