Baş Dövlət Yol Polisi İdarəsi Lerikdə baş verən qəzanın səbəbini açıqlayıb.
İdarədən Gündəm24.az-a verilən xəbərə görə, bu gün saat 08:40 radələrində Lənkəran-Lerik avtomobil yolunun 53-cü kilometrində Lerik rayonu, Kələxan kənd sakini Pərvaz Məmmədovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Qeyd edilib ki, qəza nəticəsində P.Məmmədovun həmkəndliləri olan 6 nəfər sərnişinindən 2-si xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır: “Sürücünün sükan arxasında yuxuladığı ehtimal olunan sözügedən yol qəzası bir daha deməyə əsas verir ki, yorğun, yuxusuz halda sükan arxasına əyləşmək həyat və sağlamlıq üçün hər zaman ciddi təhdiddir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları hərəkət zamanı istirahət rejiminə ciddi əməl etməyə, bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün verilən tövsiyələrə əməl etməyə çağırır”.
14:05
Bu gün saat 10:15 radələrində Lerik rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i qadın, 6-sı kişi) olmaqla Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Gündəm24.az bildirir ki, bu barədə APA-ya TƏBİB-dən xəbər verilib.
Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub.
Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
***13:05
Lerik rayonunda baş verən qəzada xəsarət alan 7 nəfər Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Gündəm24.az bildirir ki, xəstəxanadan APA-nın cənub bürosuna verilən xəbərə görə, xəsarət alanlar Lerik rayon sakinləri – 1985-ci il təvəllüdlü Hakim Mirzəyev, 2006-cı il təvəllüdlü Kənan Salmanov, 2000-ci il təvəllüdlü Mehman Babazadə, 1998-ci il təvəllüdlü Sərxan Ağazadə, 1998-ci il təvəllüdlü Səma Ağazadə, 1965-ci il təvəllüdlü Fərhad Səlimov və sürücü 1990-cı il təvəllüdlü Pərvaz Məmmədovdur.
Onların hər birinə zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri xəstəxananın müvafiq şöbəsində davam etdirilir.
Qeyd edək ki, yol nəqliyyat hadisəsi bu səhər Lənkəran-Lerik magistralının 53-cü km-də baş verib.

12:16
Lerikdə mikroavtobus dərəyə aşıb, yaralılar var.
Gündəm24.az bildirir ki, “Report”un cənub bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, Lerik istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil idarəetmədən çıxıb və dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Məlumata görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə 6 nəfər yaralı daxil olub.
İlkin məlumata görə, onlar Bakıdan qayıdan rayon sakinləridir. Xəsrət alanların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.














