“Socar Petroleum” QSC də hadisə ilə bağlı məlumat yayıb.
Gündəm24.az həmin məlumatı təqdim edir:
“7 yanvar 2026-cı il tarixində Qazax rayonunun Xanlıqlar kəndi ərazisində “Socar Petroleum” QSC -yə məxsus 7 saylı neft bazası sahəsində partlayışla qeydə alınan yanğın hadisəsi baş verib.
Partlayış yanacaq daşıyan avtomobildə doldurma prosesi zamanı baş verib.
Yanğın hadisəsi ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Hadisə yerinə çevik olaraq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətrafa yayılmasının qarşısı alınıb, qısa müddətdə məhdudlaşdırılması təmin olunaraq tam söndürülüb.
Hadisə nəticəsində neft bazası sahəsində süzücü-doldurucu vəzifəsində çalışan İbrahimov Şamil Zabit oğlu həyatını itirib.
Həyatını itirən həmkarımıza Allahdan rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır”.
15:43
Yanvarın 7-də saat 13:30 radələrində Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alan 1 nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Gündəm24.az bildirir ki, Qazax Rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, 1994-cü il təvvəlüdlü şəxsə hər iki əlinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta stabil olaraq qiymətləndirilir.
Qeyd olunub ki, hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
14:46
Qazaxda avtomobildə baş vermiş partayış nəticəsində bir nəfərin ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Gündəm24.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimovun Qazax Neft Baza Sahəsinin həyətində “MAN” markalı avtomobildə baş vermiş partlayış nəticəsində ölməsi faktı üzrə Qazax rayon prokurorluğunda araşdırma aparılır.
14:17
“Socar Petroleum” QSC-nin 07 saylı Qazax Neft Baza Sahəsinin həyətində yerləşən “MAN” markalı avtomobildə baş vermiş partlayış– yanğın nəticəsində Neft Baza Sahəsində süzücü-tökücü vəzifəsində işləyən, Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimov xidməti vəzifəsini yerinə yetirərkən yanaraq ölüb.
Gündəm24.az bildirir ki, faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma gedir.
Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Gündəm24.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.
Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.
13:57
Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verib.
Bu barədə Gündəm24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.














