Bu gün paytaxtdakı mağazalardan bir neçəsində maraqlı vəziyyət yaranıb. Belə ki mağazadalarda kartof tapılmırdı. Satıcının sözlərinə görə, səbəb İranda davam edən hərbi gərginlikdir. Məhsul gətirilmir və yaxın 1-2 gün ərzində qiymət artımı gözlənilir. Regionda baş verən hadisələrin bazara təsiri artıq gündəlik alış-verişdə hiss olunmağa başlayıb.
Bu barədə iqtisadçı Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlama verib.
O deyib ki, İranda müharibə riski və ya hərbi gərginlik artanda ilk təsir adətən enerji və logistika üzərindən hiss olunur:
“Amma bunun təsiri təkcə neft-qazla məhdudlaşmır, gündəlik ərzaq məhsullarına da keçə bilir. Kartof məsələsi də məhz bu zəncirvari təsirin nəticəsi ola bilər. Əvvəla, bölgədə qeyri-müəyyənlik artanda insanlarda panika başlayır. Tələb artanda isə qiymət qalxır. Bu, bazarın psixoloji reaksiyasıdır. İran region üçün həm istehsalçı, həm də tranzit ölkədir. Əgər sərhədlərdə problem, daşınmada gecikmə və ya ödəniş mexanizmlərində çətinlik yaranırsa, bu, məhsulun vaxtında bazara çıxmasına mane olur. Kartof strateji ərzaq sayılır. Əhali üçün əlçatan və ucuz qida olduğu üçün insanlar bahalaşma dövründə daha çox kartofa yönəlir. Ət və digər bahalı məhsulların qiyməti artdıqca, tələbin kartofa keçməsi qiyməti əlavə olaraq qaldırır”.
Onun sözlərinə görə, qiymət artımı adətən 10-20% intervalında olur:
“Yəni məsələn, kartof 1 manatdırsa, 1.10-1.20 manata qalxa bilər və bazar sakitləşəndən sonra düşə bilər. Amma logistika problemi real və davamlı olarsa, yanacaq xərcləri artsa, topdansatışda təchizat zənciri qırılsa, artım 30-50%-ə qədər çata bilər. Bu artıq ciddi bahalaşma sayılır. Məsələn, 1 manatlıq kartofun 1.40–1.50 manata qalxması real ssenaridir. Ən pis ssenari isə uzunmüddətli gərginlik, sərhəd problemləri və valyuta təzyiqidir. O zaman qiymət ikiqat da arta bilər. Amma bu, artıq bazarda real qıtlıq və idxal boşluğu yaranarsa mümkündür”.














