ABŞ tərəfi həmçinin Rodrigezin sonda azad seçkilərə şərait yaradacağını və kənara çəkiləcəyini gözləyir
Gündəm24.az xəbər verir ki, “Politico”nun məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezdən Vaşinqtonun rəqib hesab etdiyi ölkələrə — İran, Kuba və digər şəbəkələrə — neft tədarükünün dayandırılmasını tələb edib. ABŞ rəsmilərinin sözlərinə görə, Karakasdan üç əsas addım gözlənilir: narkotik axınlarının qarşısının alınması, “düşmən agent və şəbəkələrin” ölkədən çıxarılması, həmçinin ABŞ-ın rəqiblərinə neft satışının dayandırılması.
Hesabatda qeyd olunur ki, Vaşinqton sonda Venesuelada azad seçkilərin keçirilməsini və Rodrigezin kənara çəkilməsini gözləyir. Bununla belə, ABŞ rəsmiləri yaxın vaxtlarda seçkilərin mümkün olmadığını bildirir və tələblər üçün konkret vaxt çərçivəsinin dəyişkən olduğunu vurğulayırlar. Yanvarın 3-də Tramp Venesueladan Çinə neft tədarükünün davam edəcəyini desə də, ABŞ-ın Venesuela neftinin üçüncü ölkələrə satışında rol almaq niyyətini də açıqlayıb.
Eyni gün Venesuela xarici işlər naziri İvan Gil Pinto ABŞ-ın Karakasdakı obyektlərə zərbələr endirdiyini bəyan edib və ölkədə fövqəladə vəziyyət elan olunub. Daha sonra Tramp zərbələri təsdiqləyib, Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının ABŞ-a aparıldığını açıqlayıb. Yanvarın 5-də onlar Nyu-Yorkda məhkəmə qarşısına çıxarılıb, ABŞ tərəfi onları narkotik qaçaqmalçılığında ittiham etsə də, təqsirləndirilənlər bu iddiaları rədd ediblər.
Sədaqət Həsənova













