Omanın vasitəçiliyi ilə Cenevrədə ABŞ-İran nüvə danışıqlarının üçüncü raundu başa çatıb. Hər iki tərəf “əhəmiyyətli irəliləyiş” əldə edildiyini bildirib və texniki səviyyəli danışıqların gələn həftə Vyanada davam etdiriləcəyi barədə razılığa gəliblər. Sanksiyaların ləğvi və uranın zənginləşdirilməsinə qoyulan məhdudiyyətlər masadakı əsas məsələlər olaraq qalır.
Gündəm24.az “The National News-a“ istinadən xəbər verir ki, Cenevrədə Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında nüvə danışıqlarının üçüncü raundu başa çatıb. Hər iki tərəf ehtiyatlı nikbinlik nümayiş etdirir, Omanın xarici işlər naziri Bədr əl-Busaidi danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə olunduğunu bildirib və texniki müzakirələrin gələn həftə Vyanada davam edəcəyini açıqlayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi danışıqları “gərgin və ciddi” adlandırıb, uranın zənginləşdirilməsi və sanksiyaların ləğvi ilə bağlı məsələlərin nəzərdən keçirildiyini bildirib. O qeyd edib ki, bəzi məsələlərdə razılaşma yaxın olsa da, fikir ayrılıqları hələ qalır.
Tərəflər texniki səviyyədə müzakirələri Vyanada davam etdirəcək, sonra siyasi danışıqların yeni raundu planlaşdırılır. Diplomatik mənbələr texniki qrupların zənginləşdirmə nisbətləri, monitorinq mexanizmləri və sanksiyalar cədvəlinə diqqət yetirəcəyini vurğulayır. ABŞ və İranın mövqeləri fərqlidir: Tehran nüvə proqramını davam etdirmək və sanksiyaların qaldırılmasını istəyir, Vaşinqton isə bütün uran zənginləşdirmə fəaliyyətlərindən imtina tələb edir.
Ekspertlərin fikrincə, irəliləyiş sanksiyaların əhatə dairəsi və uran zənginləşdirmə limitləri ilə bağlı konkret addımlardan asılı olacaq. ABŞ-İran texniki irəliləyiş əldə edərsə, siyasi danışıqlar sürətlənə bilər.
Sədaqət Həsənova














