Ağ Evin mətbuat katibi Karolin Livitt bildirib ki, “Bəlkə də Qrenlandiyanın ABŞ-ın bir hissəsi olması onun xeyrinə olardı”.
Gündəm24.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Livitt bildirib ki, ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı Amerika ərazisinə qatmaq istəyir, çünki onun fikrincə, Rusiya və ya Çin adaya iddia edə bilər. Livitt jurnalistlərə açıqlayıb ki, Tramp hesab edir ki, ABŞ müdaxilə etməsə, adanın nəticədə düşmən ölkələrin nəzarətinə keçməsi mümkün ola bilər və bu həm ABŞ, həm Avropa, həm də Qrenlandiya üçün təhlükəli olar.
Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşməli olduğunu vurğulayıb və 2025-ci ilin mayında NBC News-a verdiyi müsahibədə məsələni həll etmək üçün güc tətbiqini istisna etməyib. Vitse-prezident J.D. Vance isə bildirib ki, ABŞ hökuməti Qrenlandiyanın müstəqillik qazanıb sülh yolu ilə birləşməsini gözləyir və bu halda hərbi gücə əl atmayacaq.
6 yanvarda Ağ Ev Reuters agentliyinə verdiyi açıqlamada Trampın tabeliyində olan orqanlarla adanı almaq barədə aktiv müzakirələr apardığını təsdiqləyib və ordudan istifadə imkanının həmişə prezidentin ixtiyarında olduğunu vurğulayıb.
Qrenlandiya Danimarkanın muxtar ərazisidir və 1951-ci ildə ABŞ-la Müdafiə Sazişi imzalanıb, bu müqaviləyə əsasən Vaşinqton adanı mümkün təcavüzdən qorumağı öhdəsinə götürüb. Rusiyanın Kopenhagendəki səfiri Vladimir Barbin isə “İzvestiya” qəzetinə açıqlamasında bildirib ki, Qrenlandiya müstəqillik istəyir və nə Danimarkanın, nə də ABŞ-ın bir hissəsi olmaq niyyətində deyil.
Sədaqət Həsənova














