Qarabağ və Qərbi Azərbaycan məsələlərini anlamaq üçün hadisələrə həm tarix, həm hüquq, həm də günümüz reallığı prizmasından baxmaq lazımdır. Çünki bu bölgələrdə baş verənlər təsadüfi deyil. Hər şey illərlə insanlara sırınan bir yalanla başladı: o yalanın adı “Artsax” idi.
Ermənilər uzun illərdir deyir ki, guya Qarabağ “Artsax” adlanıb və bu qədim erməni torpağıdır. Amma bu doğru deyil. “Artsax” sözü ermənilərə aid deyil, qədim türk tayfaları ilə bağlıdır. Sözün kökü “Ər” (igid, döyüşçü) və “Sak” (qədim türk tayfası) sözlərindən yaranıb. Yəni mənası sadədir: “sak tayfasından olan döyüşçü”.
Qədim tarixçilər də bunu təsdiqləsədə, haylar bunu qəbul etmir. Strabon və Plini yazır ki, Qarabağ və ətraf ərazilərdə vaxtilə saklar yaşayıb. O dövrlərdə burada ermənilər yox idi. Qarabağ qədimdə Qafqaz Albaniyasının bir hissəsi olub və burada yaşayan tayfalar erməni deyildi.
XIX əsrdə vəziyyət dəyişdi. 1826–1828-ci illərdən sonra İran və Osmanlı ərazilərindən ermənilər kütləvi şəkildə Qarabağa köçürüldü. Bundan sonra tarix yavaş-yavaş dəyişdirildi, köhnə adlar silindi, yeni “erməni tarixi” yazılmağa başlandı.Təbiki bu olanlar təsadüfdən olmadı. Məhz kimlərinsə marağına uyğun olundu. “Artsax” sözü bu saxta tarix üçün əsas alət oldu.
Bu saxtalaşdırılmış tarix təkcə kitablarda qalmadı. XX əsrin sonlarında “Artsax” anlayışı separatçıların ideologiyanın əsasına çevrildi. Qarabağda qanunsuz rejim yaradıldı, azərbaycanlılar evlərindən qovuldu, kəndlər dağıdıldı, insanlar öldürüldü.
Nəticədə bu gün separatçı rejimin 13 üzvü, o cümlədən keçmiş “lideri” məhkəmə qarşısında cavab verir. İlham Əliyev dəfələrlə açıqlayıb ki:
Bu şəxslər Azərbaycanın suveren ərazisində cinayət törədiblər, onları əfv etmək mümkün deyil.
Prezident vurğulayıb ki, onların törətdiyi cinayətlər İkinci Dünya Müharibəsində nasistlərin etdiklərindən daha ağırdır və ədalət yerini tapmalıdır.
Qarabağda yaşananlar bir daha göstərdi ki, saxtalaşdırılmış tarix ağır faciələrə səbəb olur. Eyni saxta ideologiya Qərbi Azərbaycanda da tarixin müxtəlif dövrlərində həyata keçirilib.
Qərbi Azərbaycan dedikdə indiki Ermənistan ərazisi – İrəvan, Göyçə, Zəngibasar, Basarkeçər, Vedibasar, Şəmşəddil və başqa bölgələr nəzərdə tutulur. Bu torpaqlarda vaxtilə yüz minlərlə azərbaycanlı yaşayırdı. Amma XX əsr boyu mərhələ-mərhələ bu insanlar qovuldu, kəndlər dağıdıldı, məscidlər məhv edildi. Bu gün bu ərazilərdə bir nəfər də azərbaycanlı qalmayıb.
Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Qarabağ və Qərbi Azərbaycan məsələləri yalnız torpaq iddiası deyil. Burada xalqın haqqı, tarixi hüquqlar və ədalət məsələsi var.
Bu gün Qarabağda ədalət öz yerini tapıb, separatçılar cəzasını alır, yalan tarix “Artsax” mifi dağılır. Tarixi nə qədər dəyişdirməyə çalışsalar da, həqiqət gec-tez üzə çıxır. Prezident İlham Əliyev bu haqqın müdafiəsini açıq şəkildə dəstəkləyir. Qarabağda bunu sübut etdi, Qərbi Azərbaycanda da tezliklə göstərəcək.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














