Bakıda taksi sürücüsü qadın olduğu üçün sərnişin tərəfindən ayrı-seçkiliyə məruz qaldığını və daha sonra “Bolt” tərəfindən bir həftəlik bloklandığını iddia edir.
Gündəm24.az xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan qadın sürücü bildirib ki, hadisə Əhmədli ərazisindən Qara Qarayev istiqamətində sifariş götürdüyü zaman baş verib.
Qadın sürücü “Bolt” tərəfindən bir həftəlik bloklanmasından danışıb: “Demək, mənim taksim var, Bolt-da sürürəm. Srağagün gecə saat 11 radələrində sifariş götürdüm. Ünvana çatanda müştəri sifarişi ləğv etdi, sonra yenidən verdi. İkinci dəfə də ləğv etdi. Eyni müştəri, eyni sifariş, eyni ünvan idi. Üçüncü dəfə sifariş verəndə artıq nömrəni götürdüm, yenə sifarişi ləğv etdi. Mən zəng etdim, telefonu açmadı. WhatsApp-da yazdım ki, problem nədir? Dedim ki, Bolt-a şikayət edəcəyəm, çünki sürücünü çağırıb sifariş verirsiniz, sonra ləğv edirsiniz. O da mənə yazdı ki, ‘mən qadın sürücü ilə getmək istəmirəm’. Bunu telefonda da deyə bilərdi. Mən də soruşdum ki, sənə qadın sürücü lazımdır, yoxsa ümumiyyətlə taksi və sürücü lazımdır?”
Sürücü məsələ ilə bağlı Bolt-a şikayət etdiyini bildirib: “Üstündən bir saat keçməmiş mənə Kənan Eyubov adlı kişi zəng etdi. İddiamıza görə, telefonda məni təhdid etdi, ‘səni aradan götürdürərəm’ dedi. Mən də dedim ki, maşının nömrəsi orada yazılıb, götüzdürə bilirsənsə, götüzdür. Daha sonra həmin müştəri Bolt-da mənim haqqımda şikayət edib. Bolt da məni bir həftəlik bloklayıb. Dünən axşam saat 9-dan Bolt-un ofisinin qarşısındayam. Mənə dedilər ki, sabah ərzində açılacaq, amma hələ açılmayıb. Polislər də gəldi və 23-cü polis bölməsinə müraciət etməyi təklif etdilər. Mən də ərizəmi yazdım.
Deyirlər ki, bir həftədən tez açılmayacaq. Bir həftə mənim maşınım arendadadır. Onun pulunu kim verəcək? Mənim uşağım var, qızım var. Anam yoxdur, atam yoxdur, ailəm yoxdur. Mən hər şeyi özüm edirəm. Gecə-səhər küçələrdə işləyirəm. Nə etməliyəm? Gedib oğurluq etməliyəm, pis yola düşməliyəm? Mənim yeməyimi, içməyimi kim verməlidir?”
Qadın sürücü:”Əgər mənim nömrəmi açmasalar, polisə gedib şikayət edəcəyəm və yenə də bura qayıdacağam. Əl çəkməyəcəyəm bu işdən. Dünən axşamdan bəri nə yemək yeyirəm, nə su içirəm. Oturmuşam burada və məsələ həll olunana qədər də əl çəkməyəcəyəm”,-deyə vurğulayıb//ajans.az













