BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün sözlərinə görə, hazırkı internet bağlanması İranda qeydə alınan ən uzun müddətdir.
Gündəm24.az xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk İran hakimiyyətinə ölkə daxilində internet və digər rabitə vasitələrinə çıxışın dərhal bərpa olunması ilə bağlı çağırış edib. Onun sözlərinə görə, İranda tətbiq edilən bu uzunmüddətli məhdudiyyətlər insanların informasiya almaq və bir-biri ilə ünsiyyət qurmaq imkanlarını ciddi şəkildə iflic edib, ölkə daxilində və xaricində baş verənlərdən xəbərdar olmağı mümkünsüz edib.
Türk bildirib ki, etirazların ilkin mərhələsində hakimiyyət dialoq mesajları verib və sosial gərginliyi azaltmaq üçün subsidiyaların artırılacağını açıqlayıb. Lakin sonradan yanaşma dəyişib, etirazçılar terrorçu, dövlət düşməni və xarici qüvvələrin agenti kimi təqdim olunaraq legitimlikdən çıxarılmağa çalışılıb. Onun vurğulamasına görə, bu proses genişmiqyaslı iğtişaşlara və çoxsaylı insan tələfatına yol açıb.
Hadisələr milli valyutanın kəskin dəyər itirməsindən sonra başlayan küçə etirazları ilə alovlanıb və qısa müddətdə böyük şəhərlərə yayılıb. Rəsmi Tehran təhlükəsizlik qüvvələri arasında da itkilərin olduğunu açıqlayıb, eyni zamanda nümayişlərdə silahlı qrupların iştirak etdiyini iddia edib. İran hakimiyyəti baş verənlərdə xarici dövlətləri günahlandırır, beynəlxalq arenada isə vəziyyət ciddi narahatlıqla izlənir. ABŞ tərəfi də daha əvvəl Tehrana qarşı sərt addımların istisna edilmədiyi barədə xəbərdarlıq etmişdi.
Sədaqət Həsənova













