Çinin Xarici İşlər Nazirliyi Venesuelaya qarşı birtərəfli sanksiyaların tətbiqinə qarşı olduğunu bildirib; Pekin həmçinin ABŞ-ın Kubaya neft satan üçüncü ölkələrə qarşı potensial sanksiyalarını “xarici müdaxilə” adlandırıb.
Gündəm24.az xəbər verir ki, Çin digər ölkələr tərəfindən Venesuelaya tətbiq olunan birtərəfli sanksiyalara qarşı olduğunu bəyan edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirilən mətbuat konfransında bildirib ki, Pekin prinsipial olaraq “qanunsuz birtərəfli sanksiyalara” qarşıdır.
Guo Ciakun ABŞ prezidenti Donald Trampın Kubaya neft satan və ya tədarük edən üçüncü ölkələrə tarif və digər rüsumların tətbiqinə imkan verən qərarına da münasibət bildirib. Çin XİN sözçüsü bu addımı “xarici müdaxilə” adlandıraraq vurğulayıb ki, Çin milli suverenliyin və təhlükəsizliyin müdafiəsində Kubanın yanında qətiyyətlə dayanır və xarici müdaxiləyə qarşı çıxır. Onun sözlərinə görə, Kuba xalqını yaşamaq və inkişaf etmək hüququndan məhrum edən istənilən hərəkət qəbuledilməzdir.
Xatırladaq ki, Donald Tramp ötən cümə axşamı imzaladığı sərəncamla Kubaya neft satan ölkələrdən idxala əlavə tariflərin tətbiqinə yol açıb və Havanadan gəldiyi iddia olunan milli təhlükəsizlik təhdidini əsas gətirərək ABŞ-da milli fövqəladə vəziyyət elan edib.
Sədaqət Həsənova
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.