Dərələyəz qalaları – Qərbi Azərbaycanın dağlar qoynunda ucalan qədim istehkamları
Qərbi Azərbaycanın qədim yurdlarından biri olan Dərələyəz mahalı əsrlər boyu strateji əhəmiyyətə malik bölgələrdən biri kimi tanınıb. Sıldırım dağları, dərin dərələri və mühüm keçid yolları burada çoxsaylı müdafiə qalalarının və istehkamların salınmasına şərait yaradıb. Bu qalalar bölgənin təhlükəsizliyinin təmin olunmasında, karvan yollarının qorunmasında və düşmən hücumlarının qarşısının alınmasında mühüm rol oynayıb.
Dərələyəzin ən möhtəşəm müdafiə tikililərindən biri Sal-Sal qalasıdır. Qala tarixi Dərələyəz mahalının Keşişkənd rayonu (1957-ci ildən Yeğeqnadzor adlandırılır) ərazisində, Ələyəz çayının sağ, Erdəpin çayının isə sol sahilində, Ələyəz və Erdəpin kəndlərinin arasında yerləşən Qabaqtəpə (Sal dağı) adlanan sıldırım qayalar üzərində inşa edilib. Təbii qayalıqlar üzərində ucaldıldığı üçün qala uzun illər bölgənin ən etibarlı müdafiə istehkamlarından biri hesab olunub.

Tarixi mənbələrə görə, Sal-Sal qalasının divarlarının ümumi uzunluğu təxminən 5 kilometr olub. İstehkamın Ələyəz və Erdəpin istiqamətlərinə açılan iki əsas giriş qapısı, Həsənkənd istiqamətində isə yalnız müdafiə məqsədilə istifadə edilən gizli çıxış qapısı mövcud idi. Qalanın daxili hissəsi 15–20 hektar ərazini əhatə edib. Burada yaşayış evləri, müşahidə məntəqələri, təsərrüfat tikililəri və müdafiə qurğuları yerləşirdi. Bu gün də qalanın sağ tərəfində təxminən 30, sol tərəfində isə 20 evin xarabalıqları qalmaqdadır. Araşdırmalara görə, həmin tikililərin damları günbəz formalı olub ki, bu da orta əsr Azərbaycan memarlığının xarakterik xüsusiyyətlərindən biridir.
Sal-Sal qalasının yerləşdiyi ərazi qədim dövrlərdən türk-oğuz boylarının məskunlaşdığı yurdlardan hesab olunur. XIX əsrin əvvəllərinə qədər bölgənin əhalisinin əsas hissəsini azərbaycanlılar təşkil edib. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində İrandan erməni ailələri Dərələyəz mahalının müxtəlif yaşayış məntəqələrinə, o cümlədən Erdəpin və Ələyəz kəndlərinə köçürülüb. Bu proses bölgənin etnik tərkibində mühüm dəyişikliklərə səbəb olub.
Dərələyəz mahalında Sal-Sal qalası ilə yanaşı, Qalasər qalası və digər kiçik müdafiə istehkamları da mövcud olub. Bu qalalar birlikdə mahalın vahid müdafiə sistemini təşkil edir, dağ keçidlərinə və strateji yollarına nəzarət edirdi. Tarixi rəvayətlərdə bəzi qalaların Babək Xürrəmdinin mübarizəsi ilə əlaqələndirildiyi də qeyd olunur.
Zaman keçdikcə müharibələr və baxımsızlıq nəticəsində Dərələyəz qalalarının böyük hissəsi dağılıb. Buna baxmayaraq, günümüzə qədər gəlib çatan qala divarları, yaşayış tikililərinin qalıqları və digər memarlıq izləri Qərbi Azərbaycanın zəngin tarixi irsinin mühüm nümunələri hesab olunur. Dərələyəz qalaları bu gün də bölgənin qədim müdafiə sistemi, memarlıq ənənələri və türk-müsəlman irsini əks etdirən qiymətli abidələr sırasında xüsusi yer tutur.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov















