Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əgər ölkəsi Suriyadan milli təhlükəsizliyinə təhdidlə üzləşərsə, lazım olan bütün tədbirləri görəcək. Bu barədə o, Cənubi Afrika Respublikasından qayıdarkən təyyarədə açıqlama verib.
Ərdoğan həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyətin möhkəm, ardıcıl və əməliyyatlarla dəstəklənən mövqeyi İsrail Baş Naziri Benyamin Netanyahuya qarşı fəaliyyətləri dayandıra bilər. Prezident XAMAS-ın İsrailin təxribatlarına qarşı səbir göstərdiyini və atəşkəs rejimini qoruduğunu vurğulayıb. O, Qəzza sektorunda atəşkəs rejiminin dəqiq şəkildə tətbiq olunmasının böyük əhəmiyyət daşıdığını deyib və İsrailə diplomatik təzyiqin gücləndirilməsini, humanitar yardımların fasiləsiz çatdırılmasını vacib sayıb.
Gündəm24.az xəbər verir ki, Ərdoğan həmçinin Türkiyənin Rusiya-Ukrayna münaqişəsinin həllində konstruktiv mövqeyini davam etdirməyə hazır olduğunu və Stambuldakı prosesdə oynadığı açar rolu xatırladıb. O, ABŞ-ın Tramp sülh planı ilə bağlı da şərh verərək bildirib ki, plan üzrə razılaşma əldə etmək mümkündür, əsas məsələ bunu necə reallaşdırmaqdır. Ərdoğan qeyd edib ki, bütün iştirakçıları razı salacaq çərçivə hazırlanarsa, bu uzunmüddətli həll yolunu aça bilər.
Əli Səfərli,
Gundem24.az














