Rusiya Federal Təhlükəsizlik Xidməti səfirlikdə gizli işləyən Britaniya kəşfiyyat zabitinin ölkədən çıxarıldığını bildirib.
Gündəm24.az xəbər verir ki, Böyük Britaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Danae Dholakia Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və diplomatik himayə altında fəaliyyət göstərən Britaniya kəşfiyyat zabitinin fəaliyyəti ilə bağlı sərt etiraz ifadə olunub.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) səfirlikdə gizli işləyən Britaniya kəşfiyyat zabitinin, Qaret Samuel Deyvisin, akkreditasiyasının ləğv edildiyini və ona iki həftə ərzində Rusiyanı tərk etməsi tələb olunduğunu açıqlayıb. Deyvis Moskvadakı Britaniya səfirliyinin inzibati və iqtisadi şöbəsində ikinci katib vəzifəsində çalışıb.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Deyvisin Böyük Britaniya kəşfiyyat xidmətləri ilə əlaqələrinə sərt etiraz edilib və Moskva öz ərazisində elan edilməmiş xüsusi xidmət işçilərinin fəaliyyətinə dözməyəcək. Nazirlik xəbərdarlıq edib ki, əgər London vəziyyəti gərginləşdirməyə çalışarsa, Moskva eyni şəkildə cavab tədbirləri görəcək.
Sədaqət Həsənova














