Əfqanıstan Pakistanın Kabil, Qəndəhar və Paktiyaya hava hücumlarına cavab olaraq əməliyyat başlatdığını açıqladı. Bundan əlavə, Pakistan mediası Əfqanıstanın Nangarhar bölgəsindəki sursat anbarına zərbə endirildiyini bildirib.
Gündəm24.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabil və digər bölgələrində gecə saatlarında ciddi toqquşmalar baş verib. Kabildə çoxsaylı partlayışlar qeydə alınıb, Pakistan isə hava hücumları ilə Kabil, Qəndəhar və Paktiyadakı bir neçə hərbi obyekti hədəf alıb. Pakistanın dövlət televiziyası PTV News təhlükəsizlik mənbələrinə istinadən bildirib ki, ordu Kabil, Qəndəhar və Paktiyada bir neçə hərbi obyekti məhv edib, Qəndəharda isə hava hücumları zamanı bir sursat anbarı və logistika bazası dağıdılıb. Əfqanıstan silahlı qüvvələri isə cavab əməliyyatları həyata keçirərək düşmənin mövqelərinə zərbələr endirib.
Məlumatlara görə, Kunar əyalətində təxminən 40 düşmən əsgəri öldürülüb, Talibanın 27 mövqeyi məhv edilib, 9-u isə ələ keçirilib. Pakistan tərəfi isə itkilərin daha çox olduğunu bildirərək, 133 Əfqan döyüşçüsünün öldürüldüyünü və 200-dən çoxunun yaralandığını açıqlayıb. Həmçinin, 80-dən çox Əfqan tankı, artilleriya qurğusu və zirehli texnika məhv edilib.
Pakistan hökuməti və müdafiə naziri Xavaca Asif toqquşmaları açıq müharibə elanı kimi qiymətləndirib, Talibanın Əfqanıstandan terrorizmi ixrac etdiyini və səbrin tükəndiyini bildiriblər. Bu gərginlik regionda təhlükəsizlik vəziyyətini kritik səviyyəyə çatdırıb və sərhədlərdə qarşılıqlı əməliyyatlar davam edir.
Sədaqət Həsənova














