Ermənistan hakimiyyəti Azərbaycanla sərhədin delimitasiyasının uzun illər davam edə biləcəyini, lakin prosesin dayanmasının yeni qarşıdurma riskini artırdığını bildirir.
Gündəm24.az musavat.com-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Andranik Koçaryan sentyabrın 21-də “Yerablur” hərbi panteonunda jurnalistlərlə söhbətində deyib.
Koçaryanın sözlərinə görə, Ermənistanın dövlət sərhədi mövcuddur, lakin delimitasiya prosesi həmin sərhədin hüquqi və praktiki baxımdan dəqiqləşdirilməsini təmin etməlidir.
Deputat Azərbaycanla delimitasiyanın nə qədər davam edəcəyinə konkret cavab verməyib və Ermənistan-Gürcüstan sərhədini nümunə göstərib:
“Gürcüstanla bu proses onilliklərdir davam edir. Azərbaycanla da eyni ola bilər, daha sonra düzəlişlər aparılacaq”.
Koçaryan bununla yanaşı, delimitasiyanın uzanmasının silahlı qarşıdurmaya çevrilməməli olduğunu vurğulayıb. Onun fikrincə, dövlət sərhədlərinin hüquqi baxımdan müəyyənləşdirilməməsi özü müharibə üçün zəmin yarada bilər.
“Qonşu ölkələrlə sərhədlərin formalaşdırılmasının hüquqi prosesini nə qədər tez başa çatdırsaq, hamımız beynəlxalq hüququn tələbləri çərçivəsində bir o qədər rahat olarıq”, – deputat bildirib.
Koçaryan delimitasiya danışıqlarında yaranan fasilə və ya fikir ayrılıqlarının silaha əl atmaq üçün səbəb sayıla bilməyəcəyini də deyib.
Qeyd edək ki, Bakı və İrəvan delimitasiyanın Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayaraq şimaldan cənuba doğru davam etdirilməsi barədə razılığa gəliblər. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 9-da delimitasiya komissiyalarının müntəzəm görüş və müzakirələr apardığını bildirib.














