Xəbər verdiyimiz kimi, dünən İran tərəfindən Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib. Hücum nəticəsində Azərbaycana məxsus mülki təyinatlı obyektlər zərər görüb.
Bu hadisə regionda gərginliyi daha da artırıb və Azərbaycan-İran münasibətlərində ciddi narahatlıq yaradıb. İranın Azərbaycana qarşı dron hücumları regionda təhlükəsizlik narahatlıqları yaradır.
Bəs görəsən, bu, iki ölkə arasında açıq hərbi münaqişəyə səbəb ola bilərmi?
Siyasi şərhçi Pərviz Mirizadə Sfera.az-a açıqlamasında bildirib ki, İran tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumu əsaslandırmalar nə olursa olsun qəbul edilməz bir hadisədir. Onun sözlərinə görə, Rəsmi Bakı hər daim İran İslam Respublikası ilə mehriban qonşuluq siyasətinə sadiq qalıb:

“Azərbaycan İrana tətbiq edilən heç bir sanksiyaya qoşulmayıb və heç vaxt öz ərazisindən sözügedən ölkəyə qarşı plasdarm kimi istifadə edilməyə icazə verməyib. Bütün bunlar ilk növbədə Azərbaycanın sağlam xarici siyasət kursu həyata keçirdiyinin, sülh və təhlükəsizliyə nə qədər dəyər verdiyinin göstəricisidir. Lakin çox təəssüf ki, eyni rasional yanaşmanı biz cənub qonşumuzdan müşahidə etməmişik. İran artıq 6 ildir Azərbaycan əlehinə açıq şəkildə qərəzli siyasət həyata keçirir. Qələbəmizi həzm edə bilmir və regionda formalaşan yeni geosiyasi reallıqları qəbul etmək istəmir. Sərhədlərimizdə məhz bizi hədəf alan hərbi təlimlər, səfirliyimizə edilən terror hücumu əslində molla rejiminin simasızlığını göstərən əsas faktordur. İndi isə yenə eyni tip xain yanaşma ilə qarşı-qarşıyayıq. Aydındır ki, bu tip hərbi ritorika davamlı xarakter alacağı təqdirdə iki ölkə arasında geridönülməz situasiya formalaşar. Cənab Prezident İlham Əliyevin məlum hadisə sonrası Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlər məhz İran üçün ciddi siqnal olmalıdır”.
Siyasi şərhçinin fikrincə, İran tərəfi Azərbaycanla müharibə ehtimalını gözə ala bilməz:
“Çünki bu səhv addım ilk növbədə İranın parçalanması ilə nəticələnə bilər. İran ordusunun və SEPAH-ın sıralarında minlərlə soydaşımız xidmət edir və onlar müşahidə etdiyimiz əsaslar üzərindən etiraz əlaməti olaraq artıq xidmət sıralarını tərk edirlər. Bu ABŞ-İsrail koalisiyanın zərbələri fonunda Tehranın arzu etməyəcəyi bir ssenaridir. Azərbaycan da öz növbəsində İranla hər hansı bir münaqişənin başlamasında maraqlı deyil. Biz regionda sülhün və təhlükəsizliyin bərqərar olunmasında əməli fəaliyyət həyata keçiririk. Hətta ölkə Konstitusiyasının 9-cu maddəsində belə başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edirik. Hesab edirəm ki, bu hər bu məsələnin mahiyyətini dərk etməyə kifayət edir. Lakin Azərbaycan istənilən hərbi təcavüzə lazımı səviyyədə cavab vermək potensialına malikdir və heç bir dövlət bu səddi keçməli deyil”.














