İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-yə məktub göndərərək, ABŞ-ın mümkün hücumu halında İranın özünümüdafiə məqsədilə cavab verəcəyini və bütün ABŞ bazalarının qanuni hədəf hesab ediləcəyini bildirib. O, həmçinin xəbərdarlıq edib ki, əgər BMT ABŞ təhdidlərinə cavab verməsə, növbəti addım digər suveren dövlətlərin də ola bilər.
Gündəm24.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda Tehranın diplomatik həllə sadiq qaldığını və ABŞ ilə nüvə danışıqlarını konstruktiv şəkildə apardığını bildirib. O, eyni zamanda Vaşinqtonun “güc tətbiqi” ilə bağlı bəyanatlarını real təcavüz riski kimi qiymətləndirərək bunun beynəlxalq hüququ pozduğunu vurğulayıb.
İrəvani qeyd edib ki, mümkün hərbi hücum region üçün fəlakətli nəticələr doğura və beynəlxalq sülhə ciddi təhdid yarada bilər. Bu çərçivədə o, Təhlükəsizlik Şurası üzvlərini və Baş katibi hərbi eskalasiyaya səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Məktubda vurğulanıb ki, İran hücuma məruz qalacağı təqdirdə özünümüdafiə hüququndan istifadə edəcək və cavab zərbələri endirəcək. İrəvani bildirib ki, belə bir vəziyyətdə bölgədəki bütün düşmən bazaları və obyektləri qanuni hədəf sayılacaq və nəticələrə görə məsuliyyət ABŞ-ın üzərinə düşəcək.
Sədaqət Həsənova














