Gündəm24.az “The Guardian” xəbərinə istinadən xəbər verir ki, İsrail və İran ətrafında gərginlik artıb. İsrail Müdafiə Nazirliyi ölkə üzrə fövqəladə vəziyyət elan edib və hava məkanını uçuşlara bağlayıb. Müdafiə naziri Yisrael Katz ictimaiyyəti Mülki Müdafiə Komandanlığının təlimatlarına əməl etməyə və təhlükəsiz ərazilərdə qalmağa çağırıb.
Bu vaxt İranın paytaxtı Tehranda bir neçə partlayış baş verib, göyə qalın tüstü buludları qalxıb. Sputnik müxbirinin məlumatına görə, partlayışlar İran Daxili İşlər Nazirliyinin binasının yaxınlığında və şəhər mərkəzində qeydə alınıb. Tehranın şimal-şərq və şərqində döyüş təyyarələrinin səsi eşidilib. İranın hava məkanı altı saatlıq bağlanıb; İran Mülki Aviasiya İdarəsinin sözçüsü Məcid Əhvan bildirib ki, NOTAM-a əsasən bütün hava məkanı bu müddət ərzində bağlıdır.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp İranla bağlı vəziyyəti şərh edərək deyib: “Hazırda çox şey baş verir və biz böyük bir qərar verməliyik. Bilirsiniz, bu asan deyil, heç də asan deyil.” Tramp əlavə edib ki, İran uran zənginləşdirmə fəaliyyətindən tamamilə imtina etməlidir.
Sədaqət Həsənova













