Meksika prezidenti Klaudiya Şeynbaum bildirib ki, kartel lideri “El Menço”nun Xaliskoda öldürülməsindən sonra baş verən zorakılıqlardan sonra ölkə “tədricən normal həyata qayıdır”. O, həmçinin bildirib ki, 2026-cı il FIFA Dünya Kubokuna ev sahibliyi edəcək Meksikada “heç bir təhlükəsizlik riski” yoxdur.
Gündəm24.az xəbər verir ki, Reuters-in əldə etdiyi məlumata görə, Meksikada təhlükəsizlik qüvvələrinin əməliyyatı zamanı Xalisko Yeni Nəsil Kartelinin (CJNG) lideri, “El Menço” ləqəbli Nemesio Ruben Oseguera Servantes bazar günü səhər baş verən atışmada ağır yaralanaraq xəstəxanaya aparılarkən ölüb. Ölümündən sonra ölkənin bəzi bölgələrində, xüsusilə Xalisko və Miçoakan ştatlarında yollar bağlanıb, Milli Qvardiyanın bazalarına hücumlar baş verib; toqquşmalarda ən azı 25 əsgər və 34 kartel üzvü həyatını itirib.
Meksika prezidenti Klaudiya Şeynbaum mətbuat konfransında bildirib ki, 2026-cı il FIFA Dünya Kubokundan əvvəl təhlükəsizlik zəmanətləri mövcuddur və vəziyyət tədricən normallaşır. Xalisko paytaxtı Qvadalaxara turnirdə dörd oyuna ev sahibliyi edəcək, oyunlar həmçinin Monterrey və Mexikoda keçiriləcək, əsas məkanlardan biri isə Azteka Stadionudur. FIFA prezidenti Canni İnfantino Meksikanın ev sahibliyindən məmnun olduğunu və turnirin “möhtəşəm” olacağını vurğulayıb.
Bazar ertəsi günü böyük şəhərlərdə zorakılığın azaldığı bildirilsə də, yerli media Xaliskonun kənd yerlərində gecə saatlarında yeni hadisələrin baş verdiyini xəbər verib.
Sədaqət Həsənova













