İran danışıqlara açıqdır, amma Trampın hücum ehtimalı mövcuddur və Kuba səfərbərliyə hazırlaşır.
Gündəm24.az xəbər verir ki, İzvestiya qəzetinin məlumatına görə, Rusiya-ABŞ dialoqunda kiçik irəliləyişlər müşahidə olunur, İran isə ABŞ ilə güzəştə getməyə hazır olduğunu nümayiş etdirir. Lakin Trampın danışıqlardan Tehrana qəfil hücum üçün istifadə etməsi ehtimalı hələ də qalır, eyni zamanda Kuba ABŞ-ın sərt ritorikası səbəbindən səfərbərliyə hazırlaşır. Avropa isə Əbu-Dabi danışıqlarında Ukrayna nizamlanmasına dair prosesləri çətinləşdirərək dağıdıcı rol oynayır.
BƏƏ-də baş tutan qapalı məsləhətləşmələrin ikinci mərhələsində yalnız 314 hərbi əsir mübadiləsi barədə razılaşma əldə olunub — beş ay ərzində ilk belə addımdır. Hərbi əməliyyatların dayandırılması və sülh sənədi üzərində iş isə ən azı 1,5 ay davam edə bilər. ABŞ-Rusiya danışıqları isə pərdəarxasında aparılır; ekspertlər hesab edir ki, bu sükut sülh prosesinin vacib hissəsidir.
İran nümayəndələri Vaşinqtonla dialoqa açıq olduqlarını və ədalətli, qarşılıqlı hörmətə əsaslanan razılaşma üçün hazır olduqlarını bildirir. ABŞ-ın hərbi ehtiyatları və Trampın sərt ritorikası isə regionda gərginliyi artırır, lakin tammiqyaslı münaqişənin baş verməsi ehtimalı azdır.
Kuba öz tərəfini gücləndirir, mülki əhalini səfərbər edir və hərbi təlimlər keçirir. Ekspertlər qeyd edirlər ki, ada əhalisi motivasiyalı olsa da, köhnə sovet texnologiyasına güvənməli olacaq. Bu arada Rusiya Çinə mayeləşdirilmiş təbii qaz tədarükünü artırmaq niyyətindədir, Pekin isə bu əməkdaşlığı həm iqtisadi, həm də “yaşıl keçid” strategiyası baxımından strateji addım hesab edir.
Rusiyanın neft və qaz gəlirləri 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Bu ilin yanvar ayında büdcəyə sənayedən 393,3 milyard rubl daxil olub ki, bu da 2025-ci ilin yanvar ayı ilə müqayisədə təxminən yarıbayarı azalmadır. Ekspertlər qeyd edirlər ki, artım ehtimalı məhduddur və gələcəkdə istehsalın azalması büdcə üçün riskləri artıracaq.
Sədaqət Həsənova














