Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Mədəni irs və Qayıdış hüququ” adlı III Beynəlxalq Konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir.
Bu dəfə konfrans çərçivəsində Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı ilə “ArtX change Global” təşkilatının direktoru, Avropa Şurasının “Mədəniyyət Siyasətləri və Tendensiyaları” layihəsinin eksperti, Litvanın İmaj üzrə Strateji Şurasının üzvü, həmçinin Litvanın keçmiş Baş nazirinin müşaviri Ornela Ramasauskaite arasında görüş keçirilib.
Görüş zamanı Məlahət İbrahimqızı Qərbi Azərbaycandan kütləvi köç prosesinin tarixi, deportasiyaların mərhələləri, soydaşlarımızın qarşılaşdığı çətinliklər və bu məsələnin bugünkü siyasi-humanitar əhəmiyyəti barədə geniş məlumat verib. O, Qərbi Azərbaycan İcmasının qayıdış hüququnun təmin olunması istiqamətində fəaliyyətləri, beynəlxalq platformalarda aparılan işlər, həmçinin qadınların bu prosesdəki rolu barədə də danışıb.
Ornela Ramasauskaite öz növbəsində 2022-ci ilin sentyabr ayında Qarabağa etdiyi səfər zamanı şahidi olduğu dağıntılar və humanitar mənzərənin onu dərindən sarsıtdığını bildirib. O, Azərbaycanın bölgədə apardığı bərpa-quruculuq işlərinin mahiyyətini və məqsədini artıq daha yaxşı başa düşdüyünü vurğulayıb.
Litvalı ekspert gənclərin maarifləndirilməsi üçün yeni və innovativ strategiyaların hazırlanmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, Qarabağ və Qərbi Azərbaycan həqiqətlərinin gənc nəslə düzgün çatdırılması həm qarşıdakı nəsillər üçün, həm də beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.
O, həmçinin akademik çevrələrdə, beynəlxalq təşkilatlarda, media platformalarında və ictimai müzakirələrdə Azərbaycanın mədəni irsinin, tarixi ədalət axtarışının və qayıdış hüququ məsələsinin daha geniş işıqlandırılmasının zəruriliyini diqqətə çatdırıb.
Görüş qarşılıqlı əməkdaşlıq imkanlarının qiymətləndirilməsi və gələcək birgə təşəbbüslərin müzakirəsi ilə yekunlaşıb

















