Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Mədəni irs və Qayıdış hüququ” adlı III Beynəlxalq Konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir.
Konfransın ikinci günü Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, millət vəkili Tənzilə Rüstəmxanlı ilə Misirdə fəaliyyət göstərən “Siyasi və Media Tədqiqatları Mərkəzi”nin direktoru, Misir Parlamentində siyasi və hüquqi məsələlər üzrə tədqiqatçı Dr. Ahmed Taher arasında geniş tərkibli görüş keçirilib.
Görüş zamanı Tənzilə Rüstəmxanlı bölgədəki ümumi vəziyyət, Qərbi Azərbaycan tarixi, deportasiya xatirələri, eləcə də Qadınlar Şurasının fəaliyyəti, həyata keçirilən layihələr və konfrans çərçivəsində keçirilən iclas və görüşlər barədə ətraflı məlumat verib.
Dr. Ahmed Taher öz çıxışında rəhbərlik etdiyi mərkəzdə qadınların da fəal rol aldığı xüsusi bir birlik mövcud olduğunu bildirib. O, bu birlik çərçivəsində görülən işlər, həyata keçirilən sosial və maarifləndirici təşəbbüslər barədə məlumatı bölüşüb. Tərəflər qadınların ictimai proseslərdə rolunun gücləndirilməsi istiqamətində əməkdaşlığın vacibliyini vurğulayıblar.
Danışıqlarda qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, Misirli qadınların Azərbaycana səfər edərək Qərbi Azərbaycan İcmasının layihələrində iştirak etməsi, habelə gələcəkdə birgə tədbirlərin təşkil edilməsi barədə razılıq əldə olunub.
Görüşün diqqətçəkən məqamlarından biri də Dr. Ahmed Taherin Qarabağ mövzusunda Misirdə kitab nəşr etdirdiyini bildirməsi olub. O qeyd edib ki, kitabın müəllifi şəxsən özüdür və bu layihə Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi daşıyır.
Sonda tərəflər əməkdaşlığın davam etdirilməsi və əlaqələrin daha da gücləndirilməsinin vacibliyini ifadə ediblər.

















