Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Mədəni irs və qayıdış hüququ” mövzusunda III Beynəlxalq Konfransın I Paneli “Qayıdış hüququ və mədəni irs: hüquqi və mənəvi əsaslar” mövzusunda geniş müzakirələrlə yadda qalıb.
Paneli Milli Məclisin deputatı, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə idarə edib.
Paneldə çıxış edən Prof. Yaşar Sarı (İbn Haldun Universiteti, Heydər Əliyev adına Avrasiya Araşdırmalar Mərkəzi, Türkiyə) tarixi və hüquqi aspektlərdən qayıdış hüququnu izah edərək, mədəni irsin qorunmasının həm milli, həm də beynəlxalq əhəmiyyətini vurğulayıb. O, mədəni irsin qorunmasının dövlətlərin və icmaların davamlı inkişafı üçün vacib olduğunu diqqətə çatdırıb.
Dr. Maxime Gauin, Fransadan tarixçi alim olaraq, 20-ci əsr boyu baş verən deportasiyalar və etnik təmizləmə hadisələrini, xüsusilə Qərbi Azərbaycan və Ermənistan kontekstindəki mədəni itkiləri təqdim edib. O, qayıdış hüququnun hüquqi əsaslarının tarixi inkişafını, eləcə də etnik təmizləmə və zorakılıq hallarının sülh və bərpa prosesinə təsirini geniş təhlil edib.
Dr. Mark Nathan Kramer (Harvard Universiteti, Devis Mərkəzi) müharibələrin mədəni irsə vurduğu ziyanı beynəlxalq hüquq kontekstində şərh edib. O, 1954-cü il Haaqa Konvensiyası və onun protokolları çərçivəsində mədəni irsin qorunmasının hüquqi mexanizmlərini, həmçinin Rusiya-Ukrayna müharibəsi kimi müasir nümunələrdə hüquqi çərçivələrin tətbiqini müzakirə edib.
Panelin qonaqları arasında Prof.Carlos Uriarte Sánchez (Panavropa İspaniya, UNIR Universiteti) mədəni irsin beynəlxalq səviyyədə qorunması və qayıdış hüququnun mənəvi əsaslarını geniş izah edib. O, hüquqi öhdəliklər və etik prinsiplərin icmaların gələcək sülh və barışa necə xidmət edə biləcəyini vurğulayıb.
Tədbir iştirakçıları panelin dərin və çoxşaxəli müzakirələrindən məmnunluqlarını ifadə edib, xüsusilə tarixi ədalət, mədəni irsin qorunması və qaçqınların geri dönüş hüququ mövzularının beynəlxalq hüquq və mənəvi baxımdan necə əlaqələndirildiyini diqqətlə izləyiblər. Panel, gələcəkdə həm region, həm də beynəlxalq səviyyədə mədəni irsin qorunması və qayıdış hüququnun təkmilləşdirilməsi üçün əhəmiyyətli töhfələr verən müzakirələrə zəmin yaradıb.


















